00:00:00
Yazar
Aysel Mirzəyeva
07.04.2026 20:52 32 2 dəq oxuma
İqtisadiyyat

Yaxın Şərq gərginliyi Azərbaycana necə təsir edir?

Yaxın Şərq gərginliyi Azərbaycana necə təsir edir?

Yaxın Şərqdə artan gərginlik enerji bazarlarında dalğalanmaya səbəb olur. Neft qiymətlərindəki dəyişikliklər və regional qeyri-sabitlik Azərbaycanın iqtisadiyyatına da təsirsiz ötüşmür. Mövcud vəziyyət həm risklər, həm də yeni imkanlar yaradır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, neft və qazın bahalaşması gəliri artırır, amma inflyasiyanı da yüksəldir:

 

“Hazırda neftin qiyməti 65 dollar götürülüb və hesablamalara görə neftin orta qiymətinin hər 10 dollar artması Azərbaycanın büdcəsinə təxminən 4 milyon manat əlavə gəlir gətirə bilər. Bu isə dövlət büdcəsinin gəlirlərinin artması deməkdir. Yəni əsas məsələ ondan ibarətdir ki, neftin qiymətinin 10 dollar yüksək olması ölkəyə əlavə fayda verir. Son dövrlərdə baş verən hadisələr nəticəsində həm neftin, həm də qazın qiymətlərində artım müşahidə olunur. Xüsusilə qaz gəlirləri ixracın təxminən 30-40%-ni təşkil edir və bu da göstərir ki, qazın orta qiymətinin artması ölkənin ümumi gəlirlərinə müsbət təsir edir. Lakin burada vacib bir məqam var. Enerji qiymətlərinin artması bir tərəfdən ölkəyə əlavə gəlir gətirsə də, digər tərəfdən inflyasiyaya səbəb olur. Dünya bazarında enerji qiymətlərinin yüksəlməsi idxal məhsullarının və daşınma xərclərinin artmasına gətirib çıxarır. Bu isə ölkəyə “idxal inflyasiyası” gətirir və xüsusilə sosial həssas qruplar üçün daha ciddi təsir yaradır”.

 

Həmçinin ekspert vurğulayıb ki, yüksək enerji qiymətləri fayda versə də, logistika xərcləri və inflyasiya riskləri artır:

 

“Son proqnozlara görə neftin orta qiymətinin mart ayında 80 dolların üzərində olacağı gözlənilir. Hazırda qazın qiyməti isə təxminən 600 dollar civarındadır və yüksək səviyyədə qalmaqdadır. İkinci rüb üçün də neftin qiymətinin 70 dolların üzərində qalacağı proqnozlaşdırılır.
Əvvəlki illərdə neftin 50-65 dollar aralığında ticarət olunacağı gözlənilirdi, lakin bu proqnozlar artıq yenilənib və daha yüksək qiymətlər ehtimal olunur. Bununla yanaşı, müharibə faktorunun həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi enerji qiymətlərinin artmasıdır. Mənfi tərəfi isə logistika və daşınma xərclərinin artmasıdır. Xüsusilə, İran üzərindən idxal və tranzit daşımaların çətinləşməsi nəticəsində alternativ marşrutlara keçid baş verir ki, bu da xərcləri artırır. Eyni zamanda, həm şərqdən gələn yüklərin daha bahalı marşrutlarla daşınması, həm də alternativ istiqamətlərdə yüklənmənin artması ümumi daşınma xərclərini yüksəldir.
Büdcəyə yenidən baxılması məsələsi isə bölgədəki gərginliyin davam etmə müddətindən asılı olacaq. Əgər müharibə uzun müddət davam edərsə və inflyasiya səviyyəsi yüksələrsə, hökumət sosial həssas qrupları qorumaq üçün büdcəyə dəyişiklik edə və ehtiyat fondlarından istifadə edə bilər. Qısamüddətli ssenaridə büdcədə ciddi dəyişiklik gözlənilmir. Lakin müharibə uzanarsa və inflyasiya sürətlənərsə, hökumət sosial xərclərə yenidən baxmaq məcburiyyətində qala bilər”.


Arzu Poladova

#yeni #şərq #edir? #azərbaycana
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər