Yay istisində dərman qəbul edərkən nələrə diqqət edilməlidir?-HƏKİMDƏN VACİB TÖVSİYƏLƏR
Yayda havanın temperaturunun yüksəlməsi insan orqanizminə təsir etdiyi kimi, dərmanların təsirinə və qəbul qaydalarına da təsirsiz ötüşmür. İsti havada orqanizmin daha çox maye itirməsi, günəş şüalarına məruz qalması və bəzi dərmanların saxlanma şəraitinin dəyişməsi sağlamlıq üçün müəyyən risklər yarada bilər.
Mütəxəssislər bildirirlər ki, xüsusilə xroniki xəstəliklərə görə mütəmadi dərman qəbul edənlət yayda daha diqqətli olmalı, dərmanlardan düzgün istifadə və onların saxlanma qaydalarına əməl etməlidirlər. Bəs isti havada dərman qəbulu zamanı nələrə diqqət edilməlidir?
Mövzu ilə bağlı Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov “İnformator.az”a bildirib ki, İsti aylarda dərman qəbul edən zaman bir sıra meyarlar vardır ki, bunlara diqqət edilməsi əsas vacib məsələlərdən biridir:
"Yayda hava çox isti olduğu üçün bu zaman dərman qəbul edərkən orqanizmin susuzlaşması, dərinin günəş şüalarına qarşı həssaslaşması və dərmanların saxlanma şəraiti ən çox diqqət edilməli olan amillərdəndir.Ümumiyyətlə, isti hava şəraitində bəzi dərman vasitələrinin həm effekti azala bilər, həm də əlavə yan təsirləri güclənə bilər. Yayda həm təzyiqin normadan çox olması, yaxud da az olması və yaxud da ürək dərmanlarının istifadə edilməsi zamanı müəyyən qaydalar vardır ki, bunlara əməl edilməlidir. Qışda bu dərmanları qəbul edən zaman bir tablet qəbul edilirsə, yay ayında ikidə bir tablet, ya da dörddə bir tablet qəbul edilməsi zərurət hesab olunsun".
Həkim bilidirib ki ,ürək xəstəliyindən əziyyət çəkən insanlar var ki,onlarda təzyiqi salmaq üçün həm dərman həm də sidikqovucular qəbul edirlər: "Burada da ,xüsusilə, diqqət yetirilməli məqamlardan biri odur ki, sidikqovucuları qəbul edəndə biz bilirik ki, yay aylarında bədəndən maye tər vasitəsilə də çıxdığına görə, sidikqovucuları içən zaman burada xüsusilə diqqət yetirilməli olan bir sıra məqamlar vardır.Sidikqovucular isti havalarda istifadə olunduqda daha çox bədənin susuzlaşmasına, yəni dehidrasiyaya gətirib çıxarır.Əgər qışda sidikqovucular həftədə iki dəfə qəbul olunursa, yayda yaxşı olardı ki, 10 gündən bir qəbul olunsun.Bundan başqa, dərmanların saxlanmasına da yayda xüsusi diqqət etmək lazımdır. Çünki günəş şüaları dərmanların, belə deyək də, effektini azalda bilər. Müəyyən qrup dərmanlar vardır ki, bunların soyuducuda saxlanması məsləhət görülür.Və bəzən olur ki, D vitaminini insanlar son zamanlar çox qəbul edirlər və məsləhət görülür ki, ümumiyyətlə, yay aylarında D vitamini qəbul etmək məsləhət görülmür.Çünki bunu biz günəş şüaları vasitəsilə qəbul edə bilirik. Amma bir şeyi unutmaq lazım deyil ki, dənizə gedən zaman dərini qoruyan müəyyən kremlər vardır ki, bunlardan istifadə edilməsi tövsiyə olunur".
Mehriban Yariyeva