Yeni dünya düzənində çoxqütblülük artır
Pekində Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında görüş keçirilib. Liderlər Çində təşkil olunan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində bir araya gəliblər.
Mövzu ilə bağlı politoloq Fuad Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ və Avropa (xüsusilə Qərbi Avropa) dünyanın bir qütbünü, Rusiya və Çin isə başqa bir qütbünü formalaşdırır:
"Belə bir prosesdə Rusiya və Belarus, əlbəttə, ABŞ-nin və Qərbin yanında deyil, Çin formalaşdırdığı Rusiya-Çin qütbündə olması daha məntiqlidir. Belə olduğu təqdirdə, Çinin Rusiya tərəfi üçün hansı addımlar atacağı gözlənilir. Bu addımlardan ən başlıcası Rusiya və Belarus prezidentlərinin Çində olmasıdır. Bunun əsas səbəbi İkinci Dünya müharibəsinin bitməsinin ildönümüdür. Bilirik ki, Rusiyadan bir çox dövlət liderlərinin imtina etdiyi bir dövrdə Çin rəhbəri Rusiyaya gəlib. Beləcə, Rusiyaya bağlılığını bildirərək, orada hərbi paradda iştirak edib. Belə vəziyyətdə Rusiyanın da Çində ŞƏT-in sammitində iştirak etməsi Çin-Rusiya yaxınlaşmasını bir daha biruzə verir".
Politoloq, həmçinin qeyd edib ki, Rusiya ilə Çini bu şəkildə bir qütb təşkil etməyə, yəni ABŞ-Qərb tandeminə rəqib olan bir dünya qütbü formalaşdırmağa vadar edir:
"Nəticə etibarı ilə, istər Lukaşenkonun, istər Putinin Çindəki görüşmələri dünyanın çoxqütblü bir formaya gəlməsinin təzahürüdür. ABŞ də bunu çox yaxşı başa düşür. Çünki ABŞ-nin başlıca qorxusu Çinin böyüməsidir. Həm regional, iqtisadi qüvvə olaraq, həm də dünya gücü olaraq Çin ABŞ-ni keçməsə də, ən azından ona çatmağa çalışır. ABŞ-nin xarici borcları – ən böyük borcu Çinədir. Bu da Çini ABŞ-dən bir növ asılı vəziyyətə gətirir. Bütün bunlar yeni dünya düzənində iki qütbün bərpa olunmasını və bu qütblərdə Çin-Rusiya tandeminin bir tərəfdə, ABŞ və Qərb tandeminin başqa tərəfdə olduğunun şahidi oluruq".
Billurə Quliyeva