Yeni hücum həyata keçirilib
ABŞ Prezidenti Donald Tramp “Qəzzada razılaşmaya yaxınıq” açıqlamasını verib. Tramp Ağ Evdə jurnalistlərlə danışarkən, İsrail Qəzzaya yeni hava hücumu həyata keçirib.
Digər tərəfdən, Qəzzadakı Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən itkilər və yaralanmalara dair son məlumatlar paylaşılıb. Bildirilib ki, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 47 meyit və 142 yaralı gətirilib.
Qeyd olunub ki, İsrail ordusu Qəzza zolağında 19 yanvarda əldə olunan atəşkəsi pozaraq 18 martdan bəri həyata keçirdiyi hücumlarda 12 min 956 fələstinlinin həyatına son qoyub, 55 min 477 nəfər yaralanıb. İsrail-ABŞ yönümlü, guya yardım paylama məntəqələrində fələstinlilərin hədəf alındığı sistemli hücumlarda isə 27 maydan bəri ölənlərin sayı 2 min 543-ə, yaralananların sayı isə 18 min 614-ə çatıb.
İsrailin 7 oktyabr 2023-dən bəri Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin ümumi sayının 65 min 549-a, yaralıların sayının isə 167 min 518-ə yüksəldiyi qeyd olunub. Qəzza zolağında dağıntılar altında hələ də minlərlə meyitin olduğu bildirilib.
Haberler.com
Aygün Babayeva