“Yeni hakimiyyət Ukrayna üçün yeni imkanlar açır” - ŞƏRH
Volodimir Zelenski Suriyanın paytaxtı Dəməşqdə suriyalı həmkarı ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında siyasi münasibətlər, regional vəziyyət və mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, bu görüş əslində Ukrayna ilə Suriya arasında diplomatik münasibətlərin inkişafı baxımından ilkin addımlardan biri hesab oluna bilər:
“Əvvəlki illərdə Suriyada mövcud olan Bəşər Əsəd rejimi Ukrayna ilə münasibətlərdə kifayət qədər gərgin siyasət yürüdürdü. Bunun əsas səbəblərindən biri isə Suriyanın Rusiya ilə sıx siyasi və hərbi əlaqələrə malik olması idi. Məhz bu yaxınlıq Ukrayna ilə münasibətlərin inkişafına imkan vermirdi və tərəflər arasında müəyyən ziddiyyətlər mövcud idi. Suriyada siyasi vəziyyətin dəyişməsi və yeni hakimiyyətin formalaşması regionda yeni siyasi reallıqlar yaradıb. Yeni hakimiyyətin formalaşması Ukrayna üçün də yeni imkanlar açır. Ukrayna bu vəziyyətdən istifadə edərək Suriyaya münasibətdə siyasətini yenidən formalaşdırmağa çalışır və yeni hakimiyyətlə əlaqələri inkişaf etdirməklə Suriyanı müəyyən mənada Rusiya təsirindən uzaqlaşdırmağa cəhd edə bilər. Suriyanın geosiyasi mövqeyi də iki ölkə arasında münasibətlərin inkişafı baxımından əhəmiyyətli amillərdən biridir. Suriya Aralıq dənizinə çıxışı olan və regionda mühüm tranzit imkanlarına malik ölkələrdəndir. Bu baxımdan gələcəkdə enerji, ticarət və nəqliyyat layihələri çərçivəsində də əməkdaşlıq imkanlarının yaranması mümkündür”.
Ekspertin fikrincə, Suriya Yaxın Şərqdən Avropaya uzanan logistika və tranzit marşrutlarında da mühüm rol oynaya bilər və bu da Ukrayna üçün əlavə iqtisadi imkanlar yarada bilər:
“Görüş zamanı regional təhlükəsizlik məsələlərinin də müzakirə olunması ehtimalı böyükdür. Həm Ukrayna, həm də Suriya müxtəlif münaqişələrin təsirini yaşayan ölkələrdir. Ukrayna Rusiya ilə müharibənin nəticələri ilə üzləşirsə, Suriya da uzun illər davam edən daxili qarşıdurmaların və xarici müdaxilələrin nəticələrini yaşayır. Bu baxımdan tərəflər suverenliyin qorunması, təhlükəsizlik problemləri və regional sabitliyin təmin olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparmış ola bilərlər. Ukrayna bu səfər vasitəsilə Yaxın Şərq regionunda siyasi mövqeyini gücləndirməyə və yeni tərəfdaşlıqlar qurmağa çalışır. Rəsmi Kiyev region ölkələri ilə münasibətləri genişləndirməklə həm siyasi, həm də iqtisadi baxımdan yeni imkanlar əldə etməyə çalışır. Bu səfər Ukrayna ilə Suriya arasında gələcək əməkdaşlıq üçün müəyyən perspektivlər yaratsa da, münasibətlərin hansı səviyyədə inkişaf edəcəyini indiki mərhələdə tam dəqiqliklə proqnozlaşdırmaq çətindir. Bu proses həm regionda, həm də beynəlxalq siyasətdə baş verəcək dəyişikliklərdən asılı olacaq. Ümumilikdə, bu səfər iki ölkə arasında gələcəyə yönəlmiş əməkdaşlıq üçün bir növ ilkin mərhələ və yeni dialoq platforması kimi qiymətləndirilə bilər”.
Ayşə Müzəfərli