Yunanıstanda “Siriza” və “Müstəqil yunanlar” partiyaları koalisiya hökuməti formalaşdırıb
Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində qalib gələn, lakin mütləq əksəriyyət qazana bilməyən solçu “Siriza” partiyası “Müstəqil yunanlar” partiyası ilə koalisiya hökuməti formalaşdırmaq barədə razılığa gəlib. Seçkinin nəticələrinə əsasən solçu “Siriza” partiyası 300 yerlik parlamentdə 149, “Müstəqil yunanlar” isə 13 yer qazanıb. Antonis Samarasın “Yeni Demokratiya” partiyası səsvermədə ikinci, ultrasağ “Qızıl Şəfəq” partiyası üçüncü yeri tutub.
“Siriza”nın lideri Aleksis Tsipras ölkənin yeni baş naziri olacaq. Kabinetin tərkibi qısa zamanda formalaşdırılacaq. “Siriza” və “Müstəqil yunanlar” partiyalarını beynəlxalq kreditorların maliyyə yardımına kəskin tənqid birləşdirir.
Eyni zamanda, “Müstəqil yunanlar” qanunsuz miqrasiya məsələsində radikal mövqe tutur. “Siriza” Yunanıstanın maliyyə yardımı paketinin şərtlərinin əksəriyyətinin ləğvinə nail olmaq niyyətindədir. Bu isə Yunanıstanın avrozonadan çıxması ilə nəticələnə bilər.
