Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov italiyalı həmkarı Qvido Krozetto ilə görüşüb.
"İnformator.az" xəbər verir ki, bu barədə İtaliyanın Müdafiə Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Məlumatda Azərbaycanın Avrasiya regionunda rolunun fundamental xarakter daşıdığına və ölkənin İtaliya üçün əsas müttəfiq, eləcə də enerji sektorunda strateji tərəfdaş olduğuna diqqət çəkilib.
Q.Krozetto İran dronlarının Naxçıvana hücumunu qınadığını xatırlayaraq, eyni zamanda Bakının gərginliklərin idarə olunmasında nümayiş etdirdiyi təmkin və məsuliyyət hissini təqdir etdiyini vurğulayıb.
Nazirlər söhbət zamanı ikitərəfli əməkdaşlıq, xüsusən də Silahlı Qüvvələr arasında tədris və təlim fəaliyyətlərini müzakirə ediblər. Müdafiə sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bundan əlavə, əməkdaşlıq sahələrini genişləndirmək üçün gələcək danışıqları təşviq etməyə ortaq hazırlıq təsdiqlənib.
"Həmçinin davam edən münaqişələrin regional təhlükəsizliyə təsirləri fonunda Yaxın Şərq və Cənubi Qafqazda sabitliyin qorunub saxlanılmasının vacibliyi barədə ümumi fikir bölüşülüb", - Q.Krozetto əlavə edib.