“Zelenski Avropa mərkəzli yeni diskussiya məkanı formalaşdırır”
Ukrayna nümayəndə heyəti Prezident Ofisinin rəhbəri Andrey Yermakın rəhbərliyi ilə təhlükəsizlik təminatlarını müzakirə etmək üçün İsveçrəyə, oradan da ABŞ-yə yollanır.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında axşam videomüraciətində deyib.
“Sabah - İsveçrədə görüşlər, cümə günü - Amerika Birləşmiş Ştatları, Nyu-York, Trampın komandası ilə görüşlər...”, - deyə Zelenski qeyd edib.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Cenevrə tək İsveçrənin deyil, Avropa və Dünya siyasətinin əsas mərkəzlərindən biridir:
“Cenevrədə keçiriləcək görüşlər Zelenskinin Avropa mərkəzli yeni bir diskussiya məkanı yaratmaq istəməsindən xəbər verir. Çünki Zelenski anlayır ki, Donald Tramp iqtidarının bərqərar olması ilə artıq Ukraynaya dəstək kollektiv Qərb mərkəzli olmaqdan çıxıb. Avropa mərkəzli olub. Amerika Birləşmiş Ştatları artıq dəstəkçidən daha çox bu məsələdə “tacirə” çevrilib. Çünki Amerika rəsmiləri deyirlər ki, biz artıq Ukrayna silah dəstəyi vermirik. Silah dəstəyini satırıq. Ona görə də indi Zelenski ona və ölkəsinə veriləcək dəstəyin tamamilə Avropa mərkəzli olacağını anlayır. Cenevrədəki danışıqlarda böyük ehtimal Avropa-Ukrayna əlaqələrinin gələcəyi və Ukraynaya gələcək yardımların mahiyyətini razılaşdırmaq, yeni dəstəkçilər toplamaq, mövcud dəstəklərin keyfiyyətini daha da artırmaq məqsədilə olacaq”.
Həşim Səhrablı qeyd edib ki, Zelenski indi Trampın komandası ilə görüşlərində əsas diqqət mövzusunu izah etməyə çalışacaq:
“O onlarla razılaşmanı, pulsuz dəstək istəməməklərini, pul qarşılığında daha çox keyfiyyətli silah satmalarını çatdıracaq. Bütün bunlar da Ukraynanın Rusiyaya qarşı hərbi meydanda dirənişini daha gücləndirmək, mümkün olarsa, Rusiya ordusunu geri çəkmək məqsədi ilə həyata keçirilir. Əsas məqsədlər Tramp hakimiyyətə gəldikdən sonra Avropa və ABŞ mərkəzli iki fərqli dəstəyin yarandığını müzakirə etmək, Avropanın diplomatik, maddi, texniki dəstəyinin davamlılığını təmin etmək, ABŞ-dən daha keyfiyyətli silahların Ukraynaya satışını təmin etməkdir”.
Nuray Əliyeva