Zelenski Kupyanska gedib
Ukrayna Prezidenti Volodimir Zelenski Müdafiə Qüvvələrinin Kupyansk istiqamətində keçirdiyi uğurlu əməliyyatdan sonra bölgəyə səfər edib. Dövlət başçısı şəhərin girişində çəkilmiş videosunu “Telegram” kanalında paylaşaraq Ukrayna əsgərləri ilə görüşdüyünü bildirib. Zelenski açıqlamasında Kupyanskda nəticə əldə edən hərbçilərə təşəkkür edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Taleh Əliyev bildirib ki, son dövrlərdə Kupyansk istiqamətində aparılan intensiv döyüşlər artıq sadəcə hərbi və strateji məna daşımır, həm də ideoloji və psixoloji müstəviyə keçib:
"Bu bölgənin hər iki tərəf üçün yalnız coğrafi deyil, həm də simvolik əhəmiyyət kəsb etməsi, onu informasiya savaşının əsas hədəflərindən birinə çevirib. Rusiya tərəfinin mediada və rəsmi bəyanatlarda Kupyanskda qələbə əldə etdiyinə dair yaydığı məlumatların əksinə olaraq, Ukrayna ordusunun son uğurlu əks-hücum əməliyyatı göstərdi ki, bu iddialar dezinformasiyadan ibarətdir. Prezident Zelenskinin döyüş zonasına ön cəbhəyə səfəri isə bu əməliyyatdan sonra verilmiş çoxqatlı bir mesaj oldu. O, həm Ukrayna cəmiyyətinə, həm də əsgərlərə mənəvi dəstək göstərdi, həm də beynəlxalq aləmə Ukraynanın yalnız diplomatik masada deyil, döyüş meydanında da iradəli və mübariz olduğunu nümayiş etdirib.
Bu səfər həm də Rusiya cəmiyyətinə ünvanlanmış bir psixoloji hücum xarakteri daşıyır. Rusiya mediasında tez-tez Kupyanskın artıq tam nəzarətdə olması və Ukrayna ordusunun zəiflədiyi barədə yayılan məlumatların əksinə, Zelenskinin bu səfəri və Ukrayna ordusunun aktivliyi rus ictimai rəyinə ciddi təsir edə bilər. Eyni zamanda bu, Avropadakı müttəfiq dövlətlərə Ukraynaya göstərilən dəstəyin davam etdirilməsinin zəruriliyini bir daha xatırladır. Ukrayna xalqının və ordusunun döyüş ruhunun yüksək səviyyədə qalması onu göstərir ki, bu dəstək həm mənəvi, həm də strateji baxımdan öz bəhrəsini verir".
Aişə Mustafayeva