00:00:00
Yazar
Admin User
08.09.2025 13:05 114 2 dəq oxuma
Siyasət

Zelenski Putini Kiyevdə danışıqlara dəvət edib

Zelenski Putini Kiyevdə danışıqlara dəvət edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin Moskvada görüş keçirilməsi təklifinə mənfi cavab verib. Dövlət başçısı bildirib ki, real dialoq üçün neytral yanaşma vacibdir və bu səbəbdən Rusiya tərəfini Kiyevdə danışıqlar aparmağa dəvət edir.

 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, Putinin Zelenskiyə Moskvada görüş təklifi, əslində, onun danışıqlarda həqiqətən maraqlı olmadığının göstəricisidir:

 

"Son 8 ayda Rusiya tərəfindən “danışıqlara hazırıq” kimi səslənən fikirlərin manipulyativ xarakter daşıdığı bu təkliflə bir daha üzə çıxıb. Zelenskinin Putinə “görüş evdə baş tutsun” təklifi isə buna adekvat cavab kimi dəyərləndirilə bilər. Bu, faktiki olaraq tərəflərin görüşə ciddi marağının olmadığını göstərir. Doğrudur, Ukrayna tərəfi tez-tez bəyan edir ki, Rusiya ilə danışıqların aparılması və müharibənin dayandırılmasında maraqlıdır. Əslində, Ukraynanın buna ehtiyacı var, çünki hazırda ölkə kifayət qədər mürəkkəb vəziyyətdədir və onun müqavimət gücü birbaşa Qərbdən gələn dəstəyə bağlıdır. Bu bəyanatların bundan sonrakı proseslərə təsiri və mümkün variantlar necə ola bilər? Görüş yeri üçün alternativ məkanlar hansılar ola bilər? Hesab edirəm ki, bunun üçün müxtəlif variantlar mövcuddur, yetər ki, tərəflərin siyasi iradəsi olsun".

 

Ekspert həmçinin bunu da bildirib ki, ən uyğun format kimi İstanbul nəzərdən keçirilə bilər: 

 

"Müharibə başladıqdan sonra Rusiya və Ukrayna tərəfləri burada dəfələrlə danışıqlar aparıb və müəyyən addımlar atılıb. Türkiyənin müharibədəki mövqeyi, həmçinin balanslı siyasəti ona hər iki tərəfin etimadını qazandırır. Bundan başqa, Birləşmiş Ərəb Əmirlikləri, Avstriya və digər neytral məkanlar da seçilə bilər. Bununla belə, yaxın dövrdə belə bir görüşün baş tutacağı real görünmür. Görüşün baş tutmamasının nəticələri də aydındır: Rusiya Ukraynada hədəflərinə çatmaq üçün hücumlarını davam etdirəcək, Ukrayna isə bu hücumların qarşısını almağa, müəyyən əks-hücumlarla torpaqlarını azad etməyə və Rusiyanın dərinliklərində strateji obyektləri vurmağa çalışacaq. Zelenskinin əvvəlki açıqlamaları da bu istiqamətə işarə edir. Bütün hallarda yaxın dövrdə Rusiya-Ukrayna müharibəsinin dayanması real görünmür. Xüsusilə də Putinin Çinə səfəri və orada Çin və Şimali Koreya liderləri ilə görüşündən sonra onun ritorikası, savaşı dayandırmaq niyyətində olmadığını açıq şəkildə göstərir".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər