Zelenski: Rusiya qoşunlarının Sumı hücumu nəticəsiz qalıb
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Parlamentinin rəhbəri Roberta Metsola ilə keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya qüvvələrinin Sumı istiqamətində əməliyyatı uğursuz olub. Onun sözlərinə görə, rus qoşunları böyük itkilər verərək bu istiqamətdən çəkilib və qüvvələrini başqa bölgəyə yönəldib.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında deyib ki, Ukrayna ordusu Sumı istiqamətində Rusiya ordusunun hücumlarını dəf edib və Rusiya bu bölgədə hələlik irəliləyiş əldə edə bilmir:
“İkinci səbəb isə beynəlxalq ictimaiyyətə yönəlikdir. Zelenski mesaj verir ki, Ukraynaya dəstək davam edərsə, ölkə Rusiyanın aqressiyasının qarşısında dayanmağa hazırdır və Avropa təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynaya bilər. Bu baxımdan Zelenski həm həqiqəti dilə gətirir, həm də Qərbə mesaj göndərir. O ki qalanda Rusiya ordusunun Sumı istiqamətində irəliləyiş əldə etməməsinə, bu, şübhəsiz ki, Rusiyanın 2023-cü ilin noyabrında başladığı Ukrayna ərazisindəki quru əməliyyatlarının ciddi nəticələr vermədiyini göstərir. Bir neçə yaşayış məntəqəsi istisna olmaqla yeni ərazilər işğal edilməyib”.
Politoloqun sözlərinə görə, təxminən iki ilə yaxın davam edən müharibə ərzində Rusiya Ukrayna ərazisinin cəmi 1% işğal edib:
“Bu, Ukraynanın özündən qat-qat güclü bir dövlətə göstərdiyi dirənişin nümunəsidir. Şübhəsiz ki, yaxın perspektivdə bu hadisələr böyük dəyişiklik yaratmasa da, belə uğurlar Ukrayna ordusunun döyüş əzmini və ruhunu yüksəldir, beynəlxalq ictimaiyyətin, xüsusilə Qərb ölkələrinin Ukraynaya dəstəyini davam etdirməsi üçün əlavə stimul verir”.
Mələk Hüseynova