Zelenski: Ukrayna Litvanı Rusiyadan qorumağa kömək edəcək
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Litvaya Rusiya və Belarusdan gələn pilotsuz təxribatlara qarşı hava məkanını qorumaqda kömək edəcək. O, həmçinin vurğulayıb ki, Litva Prezidenti Gitanas Nauseda Ukraynaya qaz təchizatı ilə dəstək verməyə hazırdır. Tərəflər regionda təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədirlər.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında qeyd edib ki, beynəlxalq analitiklər Rusiyanın Rusiya–Ukrayna müharibəsindən sonra əgər Rusiya doğrudan da Ukraynanı ələ keçirsə, bundan sonra onun hədəfinin Moldova və Baltik ölkələri olacağını bildirirlər:
“Hətta bununla bağlı sabiq Ukrayna prezidenti Kuçma da qeyd edib ki, Rusiya Ukrayna–Rusiya müharibəsindən sonra Baltik ölkələrinə hücum edə bilər. Bu ehtimallar bu gün də gündəmdədir. Baltik dövlətləri NATO-nun bir hissəsidir və bu dövlətlərdən hər hansı birinə hücum etmək NATO müqaviləsinə daxil olan nizamnamənin beşinci maddəsini pozmaq deməkdir. Yəni bu, alyansa qarşı bir təhdiddir və adekvat olaraq alyans dövlətləri buna cavab verməlidirlər. İndiki halda əlbəttə ki, Baltik ölkələrinin Ukrayna ilə münasibətləri, ümumilikdə bu üç dövlət – Litva, Latviya və Estoniya – Ukrayna–Rusiya müharibəsində Ukraynaya dəstək verirlər. Həm beynəlxalq təşkilatlar, həm də hərbi-texniki cəhətdən Ukraynaya kifayət qədər köməklik edirlər. Nəzərə almaq lazımdır ki, bu gün Rusiya–Ukrayna müharibəsində Ukraynanın kifayət qədər öncül təcrübəsi var və hərbi ekspertlərin fikrincə, Ukrayna hazırda Avropa dövlətləri arasında ən güclü ordulardan birinə malikdir. Bundan əlavə, silah istehsalı bu gün Ukraynada ən müasir səviyyədədir və Ukrayna dəfələrlə Baltik dövlətlərinə və NATO ölkələrinə bununla bağlı təkliflər verib. Bu münasibətlərin dərinləşməsi Rusiya–Ukrayna müharibəsi kontekstində Ukraynanın NATO-ya yaxınlaşması deməkdir ki, bu da Rusiyanın xoşuna gəlməyəcək. Ona görə də bu iki dövlət arasında hərbi və ticarət əməkdaşlığı, əlbəttə ki, hər iki tərəfin də xeyrinə ola bilər”.
Mələk Hüseynova
