Zəfər ruhu, qardaş gücü-Türkiyə və Pakistan Azərbaycanla
8 Noyabr-Zəfər Günü münasibətilə keçiriləcək möhtəşəm parad üçün hazırlıqlar davam edir. Bu ilki Zəfər paradında Azərbaycanla yanaşı, Pakistan və Türkiyə ordularının hərbçilərindən ibarət nümayəndə heyətləri də iştirak edəcək. Artıq hər iki ölkədən olan hərbi heyətlər Bakıya gəlib. Qardaş ölkələrin nümayəndələrinin Zəfər paradında iştirakı, Azərbaycan, Türkiyə və Pakistan arasında dostluq, qardaşlıq və hərbi əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirilir.
Bu mövzu ilə bağlı deputat, millət vəkili Vüqar Bayramov “İnformator.az” a açıqlamasında bildirib ki,Türkiyə və Pakistan Azərbaycanın Zəfərinə töhfə verən ölkələrdəndir:
“Həm Vətən Müharibəsi dövründə, həm ondan əvvəl, həm də Zəfərimizdən sonra bu iki qardaş ölkə daim Azərbaycanın yanında olub. Bu gün Türkiyə, Azərbaycan və Pakistan arasında formalaşan qardaşlıq və strateji münasibətlər region üçün bir model rolunu oynayır. Zəfər Günü münasibətilə Şuşa şəhərində və paytaxt Bakıda keçirilən möhtəşəm paradda hər iki ölkənin dövlət başçılarının və hərbçilərinin iştirakı bir daha göstərib ki, Türkiyə və Pakistan hər zaman Azərbaycanın yanındadır. Eyni zamanda Azərbaycan da bu qardaş ölkələrin yanında olmağa, onların həm sevincli, həm də çətin günlərində dəstək göstərməyə çalışır. Bu münasibətlər artıq sadəcə diplomatik deyil, sarsılmaz qardaşlıq bağları qurulub. Azərbaycan, Türkiyə və Pakistan arasında hərbi əməkdaşlıq da getdikcə güclənir. Qardaş ölkələr yalnız siyasi və iqtisadi sahədə deyil, həm də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdırlar. Müxtəlif birgə təlimlərin keçirilməsi, hərbi bilik və təcrübə mübadiləsi bu əməkdaşlığın mühüm tərkib hissəsidir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunsa da, ordumuzun daha da güclənməsi və üç ölkə arasında bilik və təcrübə paylaşımının davam etdirilməsi vacibdir. Azərbaycan ictimaiyyəti hər zaman Türkiyə və Pakistana qardaş kimi yanaşır. Bu dostluq və qardaşlıq münasibətləri əbədi və sarsılmazdır. Türkiyə, Azərbaycan və Pakistan bir-birinin yanında olmaqda davam edəcək”.
Cavahir Əsgərbəyli
