“Zəngəzur dəhlizi Azərbaycan və Türkiyəni qlobal məkanda ön plana çıxaracaq”
Zəngəzur dəhlizi üzərindən ticarətin bərpası Azərbaycan və Türkiyənin regional mövqeyini gücləndirəcək, iki ölkəni qlobal iqtisadi məkanda mühüm tranzit mərkəzinə çevirəcək.
Mövzu ilə bağlı olaraq nəqliyyat eksperti Yasin Mustafayev "İnformator.az"a açıqlamasında bildirib ki, bu dəhliz Azərbaycanın qırmızı xəttidir:
"Zəngəzur dəhlizi bizim üçün qırmızı xəttdir. Yəni bu qədər vacibdir. Cənab Prezident də bunu dəfələrlə vurğulayıb. Bu, yalnız Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirməkdən ibarət deyil. Əsas strateji rolu birinci, Türk dünyasını birləşdirməkdir. İkinci isə Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin əsas komponentidir.
Yəni Çindən gələn yüklər Orta Asiyadan keçərək, Xəzər dənizi vasitəsilə Azərbaycana çatır. Daha sonra qatarlar Araz boyunca Azərbaycanın əsas hissəsindən keçərək Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan da Türkiyəyə, Türkiyədən Avropaya, hətta Londona qədər uzanan bir nəqliyyat marşrutunu təşkil edir. Bu, həm ölkəmiz, həm Türkiyə, həm türk dövlətləri, həm də Avropa və Asiyanı birləşdirdiyinə görə xüsusi əhəmiyyətə malikdir.
Bu dəhliz vasitəsilə Avropadan Asiyaya, yaxud Asiyadan Avropaya daşınacaq yüklər üçün daha qısa, sürətli və səmərəli nəqliyyat imkanı yaranacaq. Eyni zamanda, bu dəhliz boyunca yerləşən ölkələr üçün də gəlir mənbəyidir, yəni daşınma xərcləri bu ölkələr üçün iqtisadi mənfəət deməkdir və onların rifahının artmasına səbəb olacaq. Bununla yanaşı, Avropa mallarının Asiyaya, eləcə də Çin, Hindistan və digər ölkələrin mallarının Avropaya daşınmasında mühüm rol oynayacaq.Bu dəhliz, qeyd etdiyim kimi, qısa olduğuna görə həm vaxta qənaət ediləcək, həm daşınma xərcləri daha az olacaq və eyni zamanda bu, həmin ölkələrin rifahına güclü təsir göstərəcək. Layihənin reallaşması üçün, demək olar ki, artıq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində işlərin əksəriyyəti həyata keçirilib. Avtomobil yolu, demək olar ki, tamamlanmaq üzrədir, dəmir yolu da eyni şəkildə. Dəmir yolunun bir hissəsi artıq layihə çərçivəsində layihələndirilib. Yaxın vaxtlarda da onun tikintisinə başlanacaq. Söhbət İmişli-Horadiz istiqamətindən gedir, bu hissə layihələndirilib, İmişlidən Osmanlı istiqamətində isə artıq layihələndirmə başa çatıb. Yəqin ki, bu yaxınlarda tikintiyə başlanacaq. Digər hissələr də artıq modernləşdirilib. Osmanlıdan Ələtə, Ələtdən isə Bakıya qədər olan hissədə artıq müasir dəmir yolu inşa olunub. Bu dəhlizin əsas çətinlik yaradan hissəsi isə Ermənistan ərazisindən keçən hissədir. Naxçıvan hissəsində də dəmir yolunun layihə cizgiləri hazırlanıb. Əslində, orada mövcud dəmir yolundan istifadə etmək mümkündür, amma daha yaxşı olar ki, bu xətt təkmilləşdirilsin və dəmir yolu beynəlxalq standartlara uyğun şəkildə yenidən inşa edilsin. Mən düşünürəm ki, yaxın 3-4 il ərzində, bəlkə də daha qısa müddətdə, bu dəhliz tam şəkildə fəaliyyət göstərə biləcək".
Arzu Poladova
