Zəngəzur dəhlizi Azərbaycanın tranzit ölkə rolunu gücləndirəcək
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahan ilə görüşüb.
Görüşdə Azərbaycan ilə ABŞ arasında iqtisadi münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub və əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi üçün görüləcək işlər müzakirə edilib.
Mövzu ilə bağlı Coğrafiya üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Famil Niftiyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ ilə iqtisadi əməkdaşlığın güclənməsi Azərbaycanın investisiya mühitinə həm maliyyə, həm də institusional baxımdan mühüm töhfələr verə bilər:
“İlk növbədə, Amerika kapitalının ölkəyə cəlb edilməsi birbaşa investisiyaların həcmini artıracaq və qeyri-neft sektorunun inkişafını sürətləndirəcək. ABŞ şirkətləri yalnız maliyyə resursları deyil, həm də qabaqcıl texnologiyalar, idarəetmə təcrübəsi və korporativ idarəetmə standartları gətirəcək ki, bu da biznes mühitinin daha şəffaf və rəqabətqabiliyyətli olmasına imkan verəcək. Eyni zamanda, ABŞ bazarına çıxış imkanlarının genişlənməsi Azərbaycanın məhsullarına yeni ixrac perspektivləri qazandıracaq. Bu əməkdaşlıq beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini gücləndirəcək, investorların etimadını artıracaq və ölkəni regionda daha cəlbedici investisiya mərkəzinə çevirəcək. Regional nəqliyyat-logistika layihələrinin reallaşdırılması Azərbaycanın ixrac potensialına birbaşa müsbət təsir göstərəcək. İnfrastrukturun inkişafı və yeni nəqliyyat dəhlizlərinin açılması daşınma xərclərinin azalmasına, malların bazara daha tez və səmərəli çıxarılmasına imkan yaradacaq. Bu isə ixrac olunan məhsulların qiymət rəqabətliliyini artıracaq və Azərbaycan məhsullarının beynəlxalq bazarlarda mövqeyini möhkəmləndirəcək. Eyni zamanda, yeni logistik imkanlar ixrac bazarlarının coğrafiyasını genişləndirəcək, məhsulların yalnız ənənəvi tərəfdaşlara deyil, həm də Avropa və Asiyanın müxtəlif regionlarına çatdırılmasını asanlaşdıracaq. Nəticədə, ixracın şaxələndirilməsi sürətlənəcək və ölkənin qeyri-neft sektorundan gələn valyuta daxilolmaları artacaq”.
Ekspert qeyd edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanın tranzit ölkə kimi rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirəcək:
“Bu dəhliz Azərbaycanı Orta Dəhlizin əsas həlqəsinə çevirərək Avropa ilə Asiya arasında yükdaşımaların mərkəzində yerləşdirəcək. Beləliklə, Azərbaycan beynəlxalq nəqliyyat şəbəkəsində strateji mövqeyə sahib olacaq və tranzit ölkə olaraq regional rəqabət üstünlüyünü artıracaq. Dəhlizin fəaliyyətə başlaması ölkəyə əlavə tranzit gəlirlər qazandıracaq, logistika infrastrukturunun inkişafını stimullaşdıracaq və xarici investorların marağını gücləndirəcək. Bundan başqa, Zəngəzur dəhlizi Azərbaycanın geoiqtisadi mövqeyini möhkəmləndirərək ölkəni regional iqtisadi inteqrasiyanın aparıcı oyunçularından birinə çevirəcək. Beləliklə, ABŞ ilə əməkdaşlığın dərinləşdirilməsi, regional logistika layihələrinin həyata keçirilməsi və Zəngəzur dəhlizinin işə düşməsi birlikdə Azərbaycanın iqtisadi potensialını genişləndirəcək, ixrac imkanlarını artıracaq və tranzit ölkə kimi rolunu möhkəmləndirəcək”.
Nuray Əliyeva