"Zəngəzur dəhlizi bütün regiona strateji səmərə vəd edir"
Zəngəzur dəhlizinin işə düşməsi ilə Türkiyə və bütövlükdə region strateji səmərə əldə edəcək ki, bu da dövlətlərin inkişafına və rifahının artmasına mühüm təkan olacaq.
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin işə düşməsindən bütün region ölkələrinin fayda götürəcəyi şübhəsizdir:
“Bu təkcə Azərbaycan, Türkiyə, Ermənistana yox o cümlədən də dəhlziin açılmasının əleyhinə mövqe nümayiş etdirən Rusiya və İrana da aiddir.Zəngəzur dəhlizinin açılması ilə bölgədə Azərbaycan və Türkiyənin mövqeyi daha da möhkəmlənəcək və Türk dünyasının birliyi üçün yeni imkanlar açılacaq. Zəngəzur dəhlizi ideyası ilk dəfə gündəmə gələndə, bir çoxları onu sadəcə logistika və nəqliyyat layihəsi kimi qiymətləndirsə də, əslində burada daha geniş strateji plan mövcud idi.Zəngəzur dəhlizi Cənubi Qafqazı Avropa və Asiya ilə birləşdirən daha geniş regional nəqliyyat şəbəkəsinin bir hissəsi olduğu üçün şübhəsiz ki, Çindən Böyük Britaniyaya qədər və əks itiqamətdə malların daşınmasında vaxt baxımından böyük üstünlüklər vəd edir. Beynəlxaq yükdaşımılarda iki əsas meyar vaciblik təşkil edir. Bunun biri təhlükəsizlik, digəri isə vaxtdır.Bu dəhlizin Cənubi Qafqazda geosiyasi reallıqları dəyişəcək mühüm faktorlardan biri olacağına şübhə yoxdur. Bu reallıqlar isə regionda iki əsas qüvvənin Azərbaycan və Türkiyənin mövqelərinin daha da güclənməsinə təkan verəcək.Dəhliz tarixən etnik və ərazi münaqişələri ilə yadda qalan regionda sülh və sabitliyin möhkəmləndirilməsi potensialına da malikdir. Belə ki, post-münaqişə şəraitində ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası sırf iqtisadi səmərə ilə yanaşı, həm də mühüm etimad quruculuğu rolunu oynaya və davamlı sülh üçün effektiv alət ola bilər”.
Nəzrin Nəsirova