00:00:00
Yazar
Admin User
03.09.2025 11:01 138 2 dəq oxuma
Siyasət

Zəngəzur dəhlizinə qarşı çıxmaq Türkiyə ilə üz-üzə gəlmək deməkdir

Zəngəzur dəhlizinə qarşı çıxmaq Türkiyə ilə üz-üzə gəlmək deməkdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən qayıdarkən Zəngəzur dəhlizi və Cənubi Qafqazdakı proseslər barədə mühüm açıqlamalar verib. O bildirib ki, zaman keçdikcə Rusiya və İran bu dəhlizlə bağlı narahatlıqlarının əsassız olduğunu anlayacaqlar. Ərdoğanın sözlərinə görə, bölgədə davamlı sülh təmin olunacağı təqdirdə quru və dəmir yolları canlanacaq, sərhəd qapıları açılacaq və yeni əməkdaşlıq imkanları yaranacaq.


Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov “İnformator.az”a açıqlamasında bildirib ki, Cənubi Qafqazda artıq yeni reallıqlar formalaşıb və bu, Rusiya və İranın təsir imkanlarını xeyli zəiflədib:


“Burada reallıqları qəbul etmək lazımdır və artıq Cənubi Qafqazda elə reallıqlar yaradılıb ki, Rusiya və İranın təsir imkanları xeyli dərəcədə azalıb. Rusiya Qərbin təzyiqləri altındadır. İran həm İsrailin, həm də Qərbin təzyiqləri altındadır və Qərb iki tərəfdən sıxışdırıb. Regionda artıq Türkiyə və Azərbaycan söz sahibidir və bu söz sahibi olan dövlətlərin maraqları Zəngəzur dəhlizinin açılmasını tələb edir. Proses də məhz buna doğru gedir”.


Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın da mövqeyi dəyişir və bu, prosesin irəliləməsinə şərait yaradır:


“Artıq Ermənistan da Türkiyə və Azərbaycanla münasibətlərinin uyğunlaşdırılması fonunda Zəngəzur dəhlizinin açılması və yaxud nəqliyyat kommunikasiyalarının açılması məsələsinə loyal yanaşılır və açılacaq. Moskva bunu istəməyə bilər, mümkündür onların maraqları buna cavab verməsin. Amma nə Moskva, nə də Tehran bundan sonra buna qarşı ciddi addım atmaz. Əgər Zəngəzur dəhlizi açılırsa, ona mane olmazlar. Hə, bəyanatlar, sərsəm açıqlamalar ola bilər, amma ciddi mənada addım atmaq Türkiyə ilə üz-üzə gəlmək deməkdir və bunu nə İran istəyər, nə də Rusiya”.


Kənan Novruzov qeyd edib ki, Türkiyənin bölgədəki mövqeyi bu prosesin əsas təminatıdır:


Bu gün Türkiyə həm İranla, həm də Rusiya ilə normal münasibətlərə malikdir.Türkiyə nadir dövlətlərdəndir ki, həm Qərbə, həm də İran və Rusiya ilə normal münasibətləri var və perspektivdə vasitəçilik imkanına malikdir. Təbii ki, Rusiya və İran bunu itirmək istəməz. Türkiyənin maraqlarını nəzərə almalıdırlar, Türkiyənin maraqlarına qarşı çıxmamalıdırlar və bu da özünü bir çox fərqli məsələlərdə, o cümlədən Cənubi Qafqaz və Zəngəzur dəhlizi məsələsində göstərməkdədir və göstərəcək”.


Solmaz Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər