Zəngəzurla bağlı bizə söz verdilər
"Bizə Zəngəzur məsələsi ilə bağlı İrana heç bir təhlükə olmayacağına əminlik verilib", bu sözləri İranın xarici işlər naziri Abbas Arakçı Həmədanda tələbələrlə görüşü zamanı deyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Beynəlxalq münasibətlər üzrə tədqiqatçı Həşim Səhrablı bildirib ki, əgər ortada sənəd üzərində təsdiqlənmiş bir zəmanət yoxdursa, sadəcə sözlə deyilən və ya ayaqüstü verilən vədlər beynəlxalq siyasətdə ciddi qəbul edilmir:
"Burada İranın “zəmanət almışıq” dediyi, yəni İranın Xarici İşlər Naziri Abbas Araqçının qeyd etdiyi həmin zəmanət məsələsinə aydınlıq gətirmək lazımdır. Bu, sözlü zəmanətdən gedir, yoxsa sənəd üzərində verilmiş bir zəmanətdən? Əvvəlcə bu məsələ dəqiqləşdirilməlidir. Əgər ortada sənəd üzərində təsdiqlənmiş bir zəmanət yoxdursa, sadəcə sözlə deyilən və ya ayaqüstü verilən vədlər beynəlxalq siyasətdə ciddi qəbul edilmir. Çünki siyasət daim dəyişkəndir, xüsusilə də beynəlxalq və regional münasibətlər sürətlə formalaşır. Belə olan halda, yazılı sübut və rəsmi təsdiq olmadığı müddətcə bu, əslində reallığı olmayan, formal bir “zəmanət” sayılır. Bundan əlavə, mümkündür ki, Araqçi bu fikri daxili auditoriyaya hesablayaraq səsləndirib. Ola bilər ki, bu “zəmanət” sadəcə İran ictimaiyyətini sakitləşdirmək və rahatlaşdırmaq məqsədi daşıyır. Açığı, mən bu zəmanəti real hesab etmirəm, çünki ortada rəsmi açıqlama, sübut və ya sənəd yoxdur. Belə olan halda, hansı zəmanətdən danışmaq olar ki?“3+3” formatına gəldikdə isə, bəli, bu model regionda sabitlik yarada bilər. Çünki bu format region ölkələri arasında əlaqələri möhkəmləndirir, əməkdaşlığı artırır və etimad mühiti formalaşdırır. Lakin burada əsas məsələ nədən ibarətdir?“3+3” formatına mane olan tərəflər elə İran və Rusiyadır. İranın anti-Azərbaycan və anti-Türkiyə siyasəti hələ də davam edir. Eyni zamanda Rusiyanın Gürcüstandakı hadisələrə, Azərbaycanın və Ermənistanın daxili işlərinə qarışmaq cəhdləri regiondakı etimad mühitinə ciddi zərbə vurur. Əgər İran həqiqətən səmimidirsə, region ölkələrinin daxili işlərinə qarışmaqdan imtina etməli və bərabərhüquqlu əməkdaşlıq mühitinin formalaşmasına dəstək verməlidir. Rusiyanı da bu istiqamətə yönləndirməlidir. Əgər bunlar baş versə, o zaman görəcəyik ki, “3+3” formatının həyata keçirilməsinə real maneə qalmır".
Qəmər Kazımzadə
