Zərbə endirmək üçün Konqresdən icazə almayacağıq
Venesuelada narkokartellərlə əlaqəli yerüstü hədəflərə zərbə endirmək üçün Konqresin icazəsini almağa məcbur deyil.
Bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistin müvafiq sualına cavabında deyib.
"Onlara deməyə ehtiyac yoxdur. Bu, sübut olunub",- deyə o bildirib.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin müstəqil dövlətlərə qarşı hərbi təhdidləri beynəlxalq hüquq normalarına ziddir:
“Təbii ki, ABŞ-nin başqa ölkələri hərbi müdaxilə ilə təhdid etməsi beynəlxalq hüquq normalarına tamamilə ziddir. Ümumiyyətlə, Tramp administrasiyası dönəmində ABŞ belə davranışlarla daha çox diqqət çəkməyə başlayıb. Bir müddət öncə Tramp administrasiyası Kanadanı təhdid edirdi, ABŞ-nin ştatına çevirmək istəyirdi. Sonra Danimarkanın nəzarətində olan Qrenlandiyanı ələ keçirməklə hədələyirdi. Bir sıra digər bölgələrə də hərbi təhdid mesajları göndərirdi. İndi də Venesuela hədəfə alınıb. Təbii ki, Venesuela ilə bağlı bir sıra olduqca neqativ məzmunlu proseslər mövcuddur. Bu ölkədə ağır diktaturanın və ölkə vətəndaşlarına qarşı təzyiq və təqiblərin olduğu heç kimə sirr deyil. Eyni zamanda, Venesuela beynəlxalq narkotrafikin əsas tərkib hissələrindən biridir. Ancaq bütün bunlar ABŞ-yə müstəqil dövlətə qarşı birtərəfli şəkildə hərbi təhdidlər yönəltmək hüququ vermir. Əgər Venesuela ilə bağlı hansısa beynəlxalq problemlər mövcuddursa, o zaman bu ölkəyə qarşı BMT-nin çərçivəsində beynəlxalq sanksiyalar tətbiq etmək olar və Venesuelanı nələrəsə məcbur etmək mümkün ola bilər. Ancaq ABŞ nədənsə öz maraqlarına sərf edən istiqamətlər üzrə beynəlxalq jandarm rolunu təkbaşına öz üzərinə götürməyə üstünlük verir. Beynəlxalq hüquq normalarını da nəzərə almır”.
Ekspert qeyd edib ki, Venesuelaya yönəlik təhdidlərinin əsas səbəbi enerji resursları və iqtisadi maraqlarla bağlıdır:
“Venesuela ilə bağlı narkoticarət və narkotrafik mövzuları əsas bəhanə kimi istifadə olunsa da, əslində bu ölkə ilə bağlı ABŞ-nin əsas problemi enerji resurslarına bağlıdır. Venesuela dünyanın ən böyük neft ixracatçıları sırasına daxildir. Tramp administrasiyası da bu enerji resurslarına şirniklənmiş kimi görünür. Belə anlaşılır ki, Tramp administrasiyası Venesuela neftinə nəzarət etmək niyyətindədir. Eyni zamanda Venesuelanı da dünya neft bazarından sıxışdırmaqla, ABŞ-nin enerji resurslarının dünya bazarında ön plana keçməsinə çalışır. Yəni göstərilən bəhanələrin tam şəkildə reallığa yaxın olduğunu düşünmək sadəlövhlük olardı. Burada Tramp administrasiyasının Venesuelaya yönəlik təhdidləri əsasən enerji resursları və iqtisadi gəlir maraqları üzərində indeksləşib”.

Lalə Qurbanlı
