ZURABİŞVİLİYƏ QARŞI İMPİÇMENT PROSESİ BAŞLADILIB
Gürcüstan Prezidentinə qarşı impiçment prosesi başladılıb. Ölkənin hakim "Gürcü Arzusu" partiyasının lideri İrakli Kobaxidze artıq imzatoplama kampaniyasına başlanıldığını açıqlayıb. Ekspertlər bildirir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili konstitusiyaya hörmət etmir və o yalnız öz şəxsi nüfuzunu düşünür.
Gürcüstan Prezidenti Salome Zurabişviliyə impiçmentlə bağlı hakim "Gürcü Arzusu" partiyası imzatoplama kampaniyasına başlayıb. Bu barədə partiyanın lideri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında danışıb. O bildirib ki, Prezident Zurabişvili ölkə Konstitusiyasını kobud şəkildə pozaraq hökumətin razılığı olmadan Almaniyaya səfər edib. “Gürcüstan Konstitusiyasına görə, yalnız hökumət ölkənin həm daxili, həm də xarici siyasətini həyata keçirmək səlahiyyətinə malikdir. Prezidentin impiçmenti üçün bütün parlamentin 2/3-nin razılığı lazımdır. Gürcüstan Konstitusiyası onun pozulmasına cavab vermək üçün yeganə effektiv hüquqi mexanizm - impiçmenti nəzərdə tutur. Biz dəfələrlə qeyd etmişik ki, Konstitusiyanın kobud şəkildə pozulmasına baxmayaraq, indiki siyasi şəraitdə impiçment prosedurunu başa çatdırmaq mümkün deyil. İmpiçment 100 parlamentarinin dəstəyini tələb edir və buna görə də radikal müxalifətin səsi olmadan onun həyata keçirilməsi perspektivi yoxdur. Lakin buna baxmayaraq, partiyanın Siyasi Şurasının iclasında biz Gürcüstan prezidentinə qarşı impiçment proseduruna başlamaq qərarına gəldik
Kobaxidze onu da qeyd edib ki, yaxın vaxtlarda parlament üzvlərinin imzaları və impiçment proseduru ilə bağlı təqdimat Konstitusiya Məhkəməsinə göndəriləcək. qərar qəbul etmək üçün bir ay vaxtı olan məhkəmə oktyabrın əvvəlində rəyini bildirəcək. Parlamentdə səsvermə isə təxminən oktyabrın ortalarında gözlənilir.
Zurabişvili hökumətin rədd etməsinə baxmayaraq, avqustun 31-də Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusunun verilməsini dəstəkləyən Avropa liderləri ilə görüşlər keçirməyə gedib. Hakim partiya daha əvvəl bildirib ki, bu, konstitusiya pozuntusudur və bu, Gürcüstan prezidentinin impiçmenti üçün iki əsasdan biridir. Gürcü ekspertlər bildirirlər ki, prezident Salome Zurabişvili ölkə Konstitusiyasına hörmət etmir. Onlar Zurabişvilinin impiçmentini qanunvericilik baxımından tamamilə legitim hesab edirlər. Ekspert Arçil Sixarulidze imzatomplama kampaniyasını şərh edərək bildirib ki, Zurabişvili Gürcüstanın ilk qadın prezident olduğundan Qərbdə bəzi liderlər bu qərarı bəyənməyə bilər. Onun sözlərinə görə, “Gürcü arzusu” partiyası prezidentin ölkə Konstitusiyasını kobud şəkildə pozmasınından məharətlə istifadə edəcək. Belə ki, onlar konstitusiya pozuntusunu Qərb ölkələri qarşısında Avropa dəyərlərinə zidd fakt kimi irəli sürərək prezidenti gözdən sala bilərlər.
Xatırladaq ki, Gürcüstan prezidenti Salome Zurabişvili ilk dəfə deyil ki, impiçmentlə üz-üzə qalır. Bundan əvvəl onun əfv etdiyi məhbusların siyahısı ətrafında qalmaqal baş verib. 28 avqust 2019-cu ildə Zurabişvili konstitusiyanın ona verdiyi hüquqla 34 məhbusu əfv edib. Lakin əfv prosesinin ağır cinayətlər törətmiş şəxslərə şamil olunması şübhə çəkib və əfv prosesində vəzifə səlahiyyətlərinin aşılması ehtimalı ilə bağlı istintaq başladılıb. Həm iqtidar, həm də müxalifət vəziyyətlə bağlı prezidenti tənqid edirək parlamentdə impiçment məsələsi qaldırıb. Lakin bu proses nəticəsiz qalıb.
ƏNVƏR
