QARSIN İLK AZƏRBAYCANLI MERİ

Tarix: 19:11 18.05.2025
İsa Sultan Şahtaxtlı kim idi? Jurnalist, torpaqşünas alim, yaxud dövlət məmuru?
Dövrünə görə hər üç vəzifəni çox şərəf və ləyaqətlə yerinə yetirən bir Azərbaycan ziyalısı idi İsa Sultan Şahtaxtlı. Əslən Naxçıvanın Şahtaxtlı kəndindən olan Nəcəfqulu bəy İrəvan quberniyasının sayılan-seçilən bəylərindən olub. Yalnız varidatının, mülklərinin çoxluğu ilə deyil, həm də maarifpərvərliyi ilə çox bəylərdən fərqlənib. Övladlarına nəinki seminariya təhsili verməklə kifayətlənib, hətta Avropada da təhsil almasına şərait yaradıb.
1851-ci ildə anadan olan İsa Sultan İsveçrəyə qədər təhsil dalınca gedib. İlk təhsilini evdə alan İsa Sultan sonra Naxçıvanda rusdilli məktəbdə oxuyub. Nəcəfqulu kişi oğlunu daha mükəməl təhsilli görmək üçün onu 14 yaşında Tiflisə gətirir və məşhur maarifçi Dmitri Kipianinin pansionuna qoyur.
Bu pansiyonda qısa müddət qalan İsa Sultan 1867-ci ildə Tiflisdə yenicə fəaliyyətə başlayan Real gimnaziyaya daxil olur. Tədqiqatçıların yazdığına görə o zaman bu gimnaziya Qafqazın yeganə yüksək səviyyəli təhsil ocağı sayılırdı. Əksəriyyəti rus, erməni, gürcü, yəhudi olan gimnazistlərin arasında İsa Sultan bir müddət çətinlik çəksə də, sonradan istedadı, zəhmətkeşliyi sayəsində gimnaziyanın “birinci şagirdi” adını qazanır.
Tədqiqatlardan bəlli olur ki, İsa Sultan gimnaziyaya daxil olarkən burada oxuyan seminaristlər arasında yeganə azərbaycanlı o olub. Lakin gimnaziyanı qutaranda kiçik qardaşı Əbülfət də burada təhsilini davam etdirib.
1871-ci ildə gimnaziyada təhsilini başa vuran İsa Sultan 18 yaşında üz tutur Peterburqa. Mətbuatşünas alim Vilayət Quliyevin yazdığına görə İsa Sultan Peterburqda Əkinçilik İnstitutuna imtahan verən zaman “professorları heyrətləndirən qeyri-adi cavabları, zəngin biliyi və yüksək erudisiyası nəticəsində birdən-birə institutun ikinci kursuna qəbul edilir”. Beləliklə, bu qeyri-adi tatar balasının şöhrəti tezliklə bütün instituta yayılır. İsa Sultan institutda yüksək təhsil əldə etməklə yanaşı Peterburuqda “Qafqazlılar dərnəyi”nin ən fəal üzvünə çevrilir. Əsasən qafqazlı tələbələrdən ibarət olan bu dərnəyin fəaliyyəti jandarmı çox narahat etdiyi üçün Çar II Aleksandra məlumat verilir. Çar 1874-cü ildə dərnəyin bütün üzvülərinə, xüsusən də İsa Sultana gizli polis vasitəsilə xüsusi nəzarət edilməsini tapşırır.
1874-cü ildə Peterburqda təhsilini başa vuran İsa Sultan bu dəfə daha mükəmməl təhsilə və mütərəqqi ideyalara sahib olmaq üçün Avropaya yollanır. Əvvəlcə Parisdə, sonra Londonda siyasi-iqtisadi elmlərə dair mühazirələrdə mütəmadi iştirak edir. Sonra İsveçrənin Sürix şəhərində Avropanın ən nüfuzlu təhsil mərkəzi olan Politexnikuma daxil olur və burada təbiətşünaslığa dair biliklər əldə edir. Sürix İsa Sultanın dünyagörüşünü, siyasi biliklərini, həyata baxışlarını daha da mükəmməlləşdirir.
Tədqiqatçıların yazdığına görə Sürix o zaman Rusiyaya “inqilab ixrac edən bir mərkəzə, siyasi ixtisaslaşma ocağına çevrildiyinə görə çar hökuməti 1873-cü ildə İsveçrənin bu şəhərindəki bütün vətəndaşlarının dərhal geri qayıtmaları haqqında gülünc bir fərman verib”.
Beləliklə, 1876-cı ildə İsa Sultan Tiflisə gəlir. Tiflisdə real gimnaziyada oxuyarkən bədii yaradıcılıqla məşğul olması və rus dilini mükəmməl bilməsi onu mətbuat aləminə meyilləndirir. İlk olaraq “Tiflisiski vestnik” qəzetində işə başlayır və tez bir zamanda qəzetin ən fəal yazarına çevrilir. Bu qəzetdə əsasən siyasi mövzuda yazan İsa Sultana tez bir zamanda qəzetin siyasi şöbəsinə nəzarət etməsi həvalə edilir. Tiflis Senzura Komitəsinin sədri A.P.Maksimoviç bundan sonra qəzetin bu şöbəsinin hazırladığı materiallara diqqətlə yanaşırdı. Tədqiqatçıların fikrincə bu qəzet “Gürcüstanda və Zaqafqaziyada rus dilində çap olunan ilk demokratik mətbuat idi”. Ətrafına demokratik ruhlu gəncləri toplayan “Tiflisiski vestnik” hökumətin rəsmi nəşri sayılan “Kavkaz” qəzetilə polemika aparmağa başlayır. “Kavkaz” qəzeti tez-tez səhifələrində “əyalət siyasətçiləri” adlandırdığı İ.S. Şahtaxtlını və gürcü yazarı knyaz K.Bebytovu haqsız olaraq tənqid, bəzən də təhqir atəşinə tuturdu. Uzun illər Avropada yaşayan, “19-cu və 20-ci yüzilliklərdə gürcü ictimai-siyasi fikirində ən aparıcı simalardan biri və İsa Sultanla şəxsi dostluq əlaqələri olan Niko Nikoladzenin “Tiflisiski vestnik”də çap etdirdiyi kəskin və tutarlı cavablardan sonra “Kavkaz” susmalı olur”. İsa Sultan “Tiflisiski vestnik”də, əsasən, Türkiyə və Azərbaycanın ictimai, siyasi, iqtisadi həyatı ilə bağlı məqalələrlə çıxış edib.
İsa Sultan hələ 1873-cü ildə bir publisist kimi azərbaycanlıların dədə-baba torpaqlarının zorla alınıb İrandan və Türkiyədən köçürülən ermənilərə verilməsi məsələsinə toxunub. “Ağrılı yer”, “Quba xanlığında torpaq sahibkarlığı” sərlövhəli məqalələrində Qafqazdakı münaqişəli torpaq məsələsinə və hökumətin müsəlmanlara aqressiv münasibətindən üstüörtülü bəhs edərək yazırdı: “Cəmiyyətimizdə belə bir yanlış təsəvvür var ki, müsəlmanların əqli inkişafına nə qədər az diqqət yetirilsə, onlar Rusiya ilə daha tez qaynayıb-qarışacaqlar”. Daha sonralar başqa bir məqaləsində çox haqlı olaraq üzünü hökumət dairələrinə tutub soruşur: “doğrudan qəribə deyilmi ki, əhalisinin üçdə bir hissəsi müsəlmanlardan ibarət olan ölkədə yalnız tatar (Azərbaycan) dilində bir qəzet, özü də sırf kənd təsərrüfatı istiqamətli qəzet- “Əkinçi” nəşr edilir?”.
Bunları yazanda İsa Sultanın 25 yaşı var idi. Bu zaman o “Kavkazski almanax” məcmuəsi nəşr etmək fikrinə düşür. Bu almanaxı hazırlamaq üçün İsa Sultan mütləq canişinliyin arxivindəki rəsmi sənədlərlə tanış olmalı idi. Odur ki, İsa Sultan dəfələrlə Qafqaz canişinliyinin baş idarəsinə məktubla müraciət edir. Hökumət bunun qeyri-mümkün olmasını bildirdikdə İsa Sultan öz inadkarlığından dönmür. Uzun-uzadı yazışmalardan, get-gəllərdən sonra 1877-ci ilin martında almanaxın nəşrinə rəsmi icazə alır və onun nəşrinə nail olur.
Mətbuat aləmində çətin də olsa yavaş-yavaş öz sözünü deyən gənc jurnalist İsa Sultanın özü də hiss etmədən mətbuatdan uzaqlaşdırılır. Bu hadisə 1877-ci ilin oktyabrında rus ordusunun Qafqazdakı hərbi əməliyyatları zamanı baş verir. Oktyabrın 15-də Qars şəhərinin ruslar vasitəsilə işğal olunması İsa Sultanı bütün varlığı ilə bağlı olduğu mətbuatdan ayırır. Bu hökumət üçün narahatlıq doğuran gənc jurnalistin mərkəzdən uzaqlaşdırılması üçün çox gözəl fürsət idi ki, onu da əldən verməyərək İsa Sultanı 1877-ci ilin son ayında Qars şəhərinə göndərirlər. Və İsa Sultanın ömrünün son 16 ili bu şəhərlə bağlı olur.
Çox gənc olan İsa Sultan 1878-ci ilin ilk ayında Qars vilayət rəisi yanında xüsusi tapşırıqlar üzrə məmur, oktyabrda isə Qars şəhər idarəsinin sədri-şəhər meri təyin edilir. 1879-cu ildə Qars vilayət hərbi qubernatorunun dəftərxanasında xüsusi tapşırıqlar üzrə baş məmur vəzifəsinə təyin edilən İsa Sultan 1880-82-ci illərdə artıq bu idarənin mülki işlər üzrə baş idarəsinə rəhbərlik edir. 1883-cü ildə isə hərbi qubernatorun dəftərxana müdiri kimi fəaliyyətini davam etdirir. Doğrudur, hökumət öz rəsmi idarələrində bir tatar balasının fəaliyyətini istəməsə də, amma İsa Sultanın Avropa və Şərq dillərini mükəmməl bilməsi, həddən ziyadə səliqəli, işgüzar, məsuliyyətli, çalışqan olması hakim dairəni çıxılmaz vəziyyətdə qoyur.
İsa Sultan artıq bir məmur həyatı yaşamasına və işlərinin həddən ziya çox olmasına baxmayaraq mətbuatı da unutmur. Az da olsa Qafqazın rusdilli qəzetlərində çap olunur.
Qarsın mədəni həyatında çox yaxından iştirak edən gənc məmur 1882-ci ilin oktyabrında bu şəhərdə mətbəə təşkil edir və onun redaktorluğu ilə “Qars” qəzeti fəaliyyətə başlayır.
Yuxarıda qeyd etdim ki, İsa Sultan həm də torpaqşünas alim olub. O, Rusiya Kənd Təsərrüfatı Cəmiyyəti Qafqaz şöbəsinin həqiqi üzvü seçilib və 1875-ci ildə meşəçilik üzrə dissertasiya müdafiə edib. Çıxış etdiyi mətbu orqanlarında əkinçilik və meşəçilik üzrə bir çox məqalələr yazıb, bu sahədə dəyərli təkliflər irəli sürüb.
Məsuliyyətli vəzifələr, gərgin iş prosesi cavan məmurun sağlamlığına öz mənfi təsirini göstərir. İlk olaraq İsa Sultan gözlərindən şikayətlənir: “...göz ağrısından əziyyət çəkirəm, ona görə də axşamlar işləmək imkanım yoxdur”. 1879-cu ildə İsa Sultanı daha çox ürək-damar xəstəlikləri narahat edir. Və elə həmin ilin iyun ayında Rusiya imperatoru II Aleksandra ərizə yazaraq “...işlə əlaqədar pozulmuş səhhətimi düzəltmək üçün” icazə istəyir. Lakin bu istək cavabsız qalır...
1894-cü ilin avqustunda səhhətinin daha da pisləşdiyi zaman İsa Sultan yenidən Qafqazın hərbi qubernatoruna ərizə ilə müraciət edərək bildirir: “Hazırkı vəzifəmlə (o zaman qubernatorun dəftərxana rəisi olub-Q.D.) əlaqədar yerinə yetirdiyim ağır, üzücü işlər son illərdə məni tamamilə əldən salıb. Bu il səhhətim o qədər pozulub ki, Qars həkimləri özümü təcili surətdə daxili xəstəliklər mütəxəssisinə müayinə etdirməyi vacib biliblər. Tiflisə gedərək həkimlərə müraciət etdim. Onlar məsləhət bildi ki, bu vəziyyətdə Qarsın sərt iqlimi sağlamlığıma öldürücü təsir göstərir və dərhal buranı tərk etməliyəm”. Bu dəfə də İsa Sultanın müraciəti cavabsız qalır. Çar hökumətinin daş qəlbli məmurlarının bir “tatar balası”na qarşı olan laqeydliyi istedadlı gəncin taleyinə nöqtə qoyur.
Bu məktubdan cəmi 21 gün sonra İsa Sultan vəfat edir. Arxada isə onun xeyirxah əməlləri, altı körpə qız övladı və cavan ömür-gün yoldaşı qalır (onun həyat yoldaşı Səkinə xanım və qızları haqqında “Avropada təhsil alan ilk Azərbaycanlı qızı” və “Oxşar taleli rəfiqələr və yaxud qoruyucu mələklər-analar” sərlövhəli məqalələrimdə geniş məlumat vermişəm). Bu isə “milli və dini ayrıseçkiliyin, xiristian təəssübkeşliyinin hökm sürdüyü Rusiya” imperiya məmurlarını heç narahat da etmir. Çünki onlara bu “tatar balası”nın istedadı, işgüzarlığı lazım idi.
Qərənfil Dünyaminqızı