“KASPİ”ÇİLƏR TARİXİ MİSSİYANI DAŞIYIR

Tarix: 16:47 14.08.2025
Həmsöhbətimiz bünövrəsi 1881-ci ildə qoyulan, 38 il işıq üzü görən, 1919-cu ildə çapını dayandıran və yenidən 1999-cu ildə çapa başlayan “Kaspi” qəzetinin ilk qadın tədqiqatçısı tarix elmləri namizədi Səmayə Mövlayevadır. Əvvəla onu qeyd edim ki, Səmayə xanım bütün ömrünü “Kaspi”nin tədqiqinə həsr edib və uzun illər N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyində baş elmi işçi kimi çalışıb. Yaxın vaxtlarda eşitdim ki, Səmayə xanım öz ərizəsi ilə işdən uzaqlaşıb. Buna heç təəccüb də eləmədim. Əksinə bundan sonra ona bir az da hörmətim artdı. Çünki Səmayə xanım hər şeyin yerini bilən, özünə qiymət qoyan bir ziyalı xanımdır. Kimsənin ona daha bəsdir deməsinə heç vaxt imkan verməz və özü hər şeyi yerində və zamanında həll edər. İllər əvvəl belə bir işi ədəbiyyatşünas alim, gözəl insan rəhmətlik Abbas Zamanov da etdiyini eşitmişdim. Bunu etmək üçün gərək kamil insan və böyük ürək sahibi olasan ki, təmənnasız olaraq yerini gəncliyə həvalə edəsən. Qoy məndən inciməsinlər, amma bu gün hər sahədə nə qədər belə insanlarımız var ki, nəinki, övladlarının, hətta, nəvələrinin də problemlərini həll ediblər, amma yenə də yerlərindən iki əlli yapışıblar. Dəfələrlə rəhbərlik desə də eşitdirsə də, (qızım sənə deyirəm,gəlinim sən eşit) nəticəsi yoxdur ki, yoxdur.
...Elə bu günlərdə Səmayə xanımın hal-əhvalını sormaq və “Kaspi”çilərin bayram sovqatını, təbriklərini çatdırmaq üçün onun görüşünə getdim. Hər zamankı kimi yenə də səliqə-sahmanda olan Səməyə xanımın üzündən-gözündən bir nur süzülürdü. Baxmayaraq ki, səhhətində problemləri var idi. Amma hər vəchlə bunu hiss etdirməməyə çalışırdı. (Bir daha şahidi oldum ki, doğrudan da xanım-xatınlıq oxumaqda, yaxşı geyinib-keçinməkdə deyil. Xanımlıq gendən, kökdən gələn bir şeydir).
- Səmayə xanım necəsiniz, evdə oturmaq sizin üçün darıxdırıcı deyilmi?
- Şükür. Bir az müalicə alıram. Qızım, hər şeyin öz vaxtı var. İndi mən vaxtımı nəvələrimlə keçirməliyəm. Qoy gənclər işləsin, buna onların çox böyük ehtiyacı var. Mənim övladlarım da gəncdir. Görürəm ki, necə işləmək, qurub-yaratmaq şövqü ilə yaşayırlar. Hər birimiz öz övladımızı düşündüyümüz kimi gərək başqalarını da başa düşək, düşünək. Birdəki, gərək insan hər zaman öz yerini bilsin, özünə hörmətlə yanaşmağı bacarsın. Yoxsa istər-istəməz qarşındakı sənə qarşı hörmətsizlik edəcək. Allah bundan saxlasın. Mənliyi olan insan bu dərəcəyə çatmamalıdır. Siz necəsiniz? “Kaspi” də nə var, nə yox?
- Şükür sağlıqdır. “Kaspi”çilər sizə bayram təbriklərini və salamlarını çatdırmağı xahiş etdilər. İndi “Kaspi” “Gənclik” əlavəsinin buraxılışına da nail olub. Tam yeni məzmunda, yeni formada. Maraqlı yazılar, fotolar, informasiyalar verir. Sırf gənclərin həyatına, problemlərinə, uğurlarına, arzularına həsr edilir.
- Bax görürsünüz, “Kaspi”çilər də bu gün gənclərimizə qayğı ilə yanaşır. Onlara qayğı lazımdır. Axı gənclik sabahımızdır. Qızlarım ya da nəvələrim hər dəfə gələndə mənə “Kaspi”nin yeni saylarını alırlar. “Gənclik”i gördüm, oxudum. Çox xoşuma gəldi. Ümumiyyətlə, “Kaspi” bu gün qəzet bolluğunda seçilən bir qəzetdir. Ədəbiyyata, sözə qiymətin, dəyərin az önəm kəsb etdiyi bir vaxtda onlar yenidən oxucu marağını cəlb edə bildilər. Əslində belə də olmalıdır. Axı onlar gör kimlərin yolunu davam etdirir. Sələflərinin dəsti-xətti, ruhu duyulmalıdır ya yox? Əslində mən sizə deyimki, bu gün “Kaspi”nin davamı olaraq bu şərəfli missiyanı həyata keçirmək tariximizə hörmətdir, sayğıdır. Çünki, “Kaspi” rus dilində çap edilməsinə baxmayaraq milli bir qəzet olaraq xalqın milli təfəkkürünün oyanmasında, milli azadlıq hərəkatında, Xalq Cümhuriyyətinin yaranmasında Azərbaycan ziyalılarının təfəkkür mərkəzi rolunu oynadı. 20-ci yüzilliyin əvvəllərində Azərbaycan mətbuatının, maarifinin, mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev bir çox mətbu orqanları kimi “Kaspi”yə də himayədarlıq edib. “Kaspi”nin sonralar Azərbaycanın milli maraqlarına xidmət göstərməsi birinci növbədə Hacının adı ilə bağlıdır, desək heç də səhv etmərik.
- Nə yaxşı ki, bu gün də mətbuatımıza, mədəniyyətimizə, milli mənəvi dəyərlərimizə qayğı ilə yanaşan belə xeyirxah insanlar var.
- Əlbəttə. Qızım, boşuna deməyiblər ki, dünya yaxşı insanlardan xali deyil. Miras sələfdən xələflərə əmanətdir. Bu əmanətə xəyanət olmaz. İndi bu himayədarlığı şairə-publisist, tədqiqatçı-alim Sona xanım Vəliyeva həyata keçirir. Bilirsinizmi nə qədər xeyirxah bir iş görür. Sona xanım üç əsrin qəzetini yenidən nəşr etməklə Azərbaycan mətbuatı tarixinin dünənini, bu gününü yaşadır. “Kaspi”nin tarixi missiyasını öz üzərinə götürən müstəqil Azərbaycanın çağdaş mətbuat orqanı kimi “Kaspi”çilərin yaşatması bir daha sübut edir ki, bunu qəlbində millət, xalq sevgisi daşıyan insanlar edə bilər.
- Sona xanım bununla bir daha sübut etdi ki, Azərbaycan mətbuatı tarixində özünəməxsus yeri olan “Kaspi”nin yaşamasının ən layiqli varisidir .
- Bəli, “Kaspi” işıqlı ziyalıların tribunası olub. Böyük şəxsiyyətlərimizin amallarını, əməllərini həyata keçirmək üçün bir məfkurə məktəbi olub. “Kaspi” təkcə Azərbaycan junalistikasının deyil,həm də ictimai-siyasi fikir tariximizin, mədəniyyətimizin, mətbuatımızın inkişafında misilsiz rol oynadı.
- Hələ neçə-neçə böyük qeyrətli qələm və kəlam sahiblərini, mütəfəkkirlərini və böyük düha sahiblərini yetişdirdi. Başda Həsən bəy olmaqla,Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Firudin bəy kimi təcrübəli jurnalistlərimiz, publisistlərimiz Üzeyir, Ceyhun Hacıbəyli qardaşları, Haşım bəy və onlarla gənc yazarları ətraflarına toplayaraq yeni və istedadlı jurnalist ordusunu yetişdirdilər.
- Səmayə xanım elə bu gündə “Kaspi”nin ətrafındakılar başda redaktoru olmaqla hamısı gənc yazarlardı.
- Elə də olmalıdır. Yazılarındanda hiss edirəm ki, istedadlı, bacarıqlı gənclərdi. Mən hələ “Kaspi”nin redaktoru tədqiqatçı alim Natiq Məmmədlini demirəm. Bilirsinizmi, Natiq müəllim bu gün “Kaspi”yə redaktorluq etməklə necə böyük bir məsuliyyət daşıyır. Əli Mərdan bəyin, Əli bəyin, Həsən bəyin, Ağaoğlunun redaktorluq etdiyi, dəsti-xətti olan bir qəzetə rəhbərlik etmək hər oğulun işi deyil ha! Özü də Natiq hələ çox cavandır. Amma hiss olunur ki, işinin ustasıdır. Deməli Sona xanım bu seçimdə də yanılmayıb. Qəzetin taleyini etibarlı əllərə həvalə edib. Bu iş həm məsuliyyətli, həm də çox zəhmət tələb edən bir işdir.
- Bilirsinizmi, Qərənfil xanım, hansı sahə olur olsun məni daha çox maraqlandıran milli-mənəvi dəyərlərimizin yaşanması, qorunmasdır. Bunu “Kaspi”çilər çox gözəl yaşadır. 2011-ci il idi. Onda hələ muzeydə işləyirdim. İş yoldaşlarımdan biri işdə mənə bir kitab verərək dedi ki, “Kaspi” qəzeti hazırlayıb. “Mübariz yol” adlı nəfis tərtibatlı kitabı “Kaspi”çilər milli qəhraman Mübariz İbrahimovun əziz xatirəsinə həsr ediblər. Çox sevindim. Çünki, Mübariz təkcə bir ananın oğlu deyil, hamımızın balası idi. Bu gün belə qeyrətli, belə vətənpərvər oğullara Azərbaycanın nə qədər ehtiyacı var. Onları yaşatmaq, qorumaq lazımdır. Qoy Mübarizin valideynləri görsün ki, bütün xalq onların bu dərdinə şərikdir. Buna görə bütün “Kaspi”çilərə minnətdaram. Həm Tanrı yanında, həm də xalq yanında çox böyük savab iş gördülər. Mübarizi yad etməklə onun ruhunu şad etdilər. Bax belə insanlardan yazmaq, gəncləri belə milli ruhda, vətənpərvərlik sevgisində böyütmək lazımdır. Yoxsa vallah adam utanır. Elə “kitab”lar yazırlar, çap etdirirlər ki, xəcalət çəkirsən əlinə alanda. Belə “əsərlər”dən nə nümunə götürəcək gəncliyimiz. Qızım, biz unutmayaq ki, nə əkmişik onu biçəcəyik. Mən Şıxəli Qurbanov, Kamal Talıbzadə, Əziz Şərif, Əziz Mirəhmədov, Abbas Zamanov kimi böyük alimlərin, ictimai xadimlərin elmi məsləhətləri, tövsiyələri ilə yetişdim. İlahi nə qədər milli qürur var idi bu insanlarda.
- Səmayə xanım siz həkimdən gəlmisiniz. Bəlkə dincələsiniz?. Sonda “Kaspi”çilərə sözünüz, arzunuz...
- Əli Mərdan bəy, Həsən bəy, Əli bəy kimi dühaların ruhu olan “Kaspi”yə layiqli varislik etdikləri və klassik sələflərinin ənənələrinə sadiq qaldıqları üçün kəsərli söz, iti qələm və ən başlıcası oxucu sevgisi arzulayıram.
- Amin! Biz də sizə can salığı və uzun illər “Kaspi”çilərin sırasında olmağınızı arzulayırıq!
“Kaspi" qəzeti, mart 2014
Əməkdar jurnalist Qərənfil Dünyaminqızı