Kitab oxuma vərdişinin azalması və bunun səbəbləri

Bölmə: Sosial › ,
Tarix: 21:16 20.05.2025

 

Müasir texnologiyanın sürətli inkişafı və rəqəmsal məzmunların yayılması insanların informasiya əldəetmə tərzini dəyişib. Xüsusilə gənclər sosial media və video platformalara daha çox vaxt ayırdığı üçün kitab oxuma vərdişi arxa planda qalır. Halbuki kitab oxuma yalnız bilik deyil, həm də təfəkkür, nitq və dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.

 

 Mövzu ilə bağlı açıqlamasında  sosioloq Yusif Nəbiyev "İnformator.az"a bildirib ki, tez-tez eşitdiyimiz “gənclər kitab oxumurlar, deməli tənbəldirlər” formasında sadəlövh bir çıxış etmək lüksümüz yoxdur:

 

"Bu dərin sosial və iqtisadi səbəblərə bağlıdır. Kitab oxumaq bəsit bir fərdi seçim deyil, mədəniyyətin, iqtisadi strukturun və texnoloji inkişafın diqtəsidir.

Hər şeydən öncə hazırda diqqət kapitalizmi (attention capitalism) hökm sürməkdədir. Məlumat çoxdur, deməli, onların hər birinə ayıra biləcəyimiz zaman və diqqət limitlidir. Herbert Simonun da dediyi kimi,  “Məlumat zənginliyi diqqət kasadlığı yaradır”. İnsanlar sonsuz sayda alternativ informasiya mənbəsi ilə qarşı-qarşıya olduqları üçün diqqətlərini uzun müddət bir mətndə saxlaya bilmirlər. 

 

Bu tendensiyanın sürətlə davam etməsində aparıcı səbəblərin başında sosial media, xüsusilə də, TikTok, Instagram kimi qısa video məzmun platformaları gəlir. Artıq düşünmə prosesi öz ritmini dəyişib. İnsanlar qısa, emosional və tez həzm olunan məzmunlara verdiş ediblər. Bu reallıq təkcə gəncləri yox, hətta yaşlıları da öz caynağına alıb. Yəni, görürük ki, məsələ gənclərin tənbəlliyi deyil, insanın "tənbəlliyi" - daha doğrusu isə, qlobal gedişata adaptasiya prosesində asan yolu seçmə meylidir. 

 

Pierre Bourdieunun “mədəni kapital” anlayışına görə, kitab oxuma vərdişi ailədən və ətraf mühitdən götürülür. Bu gün gənclər evdə valideynlərini kitab oxuyarkən görürlərmi? Nadirən. Məktəblər kitabı məcburi “ev tapşırığı” kimi təqdim edirlər, sosial şəbəkələr isə oxumağı darıxdırıcı bir şey kimi göstərirlər. Nəticədə kitab oxumaq öz cəlbediciliyini itirir".

 

Həmçinin sosioloq bildirib ki,gənclərdə kitab oxumağa həvəsi artırmaq qismən mümkündür:

  

“Bunun üçün  kitabı məcburi bilgi mənbəyi, darıxdırıcı bir şey kimi yox, fərqli müəlliflərin düşüncə dünyalarına açılan maraqlı qapılar kimi təqdim etmək lazımdır. Gənclərə müasir və maraqlı müəlliflər tanıdılmalı, paralel olaraq da, kitab oxumağın onlara nə qatacağı anlaya biləcəkləri formada çatdırılmalıdır. Madam ki, gənclər sosial şəbəkələrə aludədirlər, o halda kitab oxumağa təşviq edən trendlər də elə sosial şəbəkələrdə yaradılmalıdır. 

 

Etiraf etməliyik ki, bu məsələdə məktəblər və kitabxanalar artıq yetərli deyil. Necə deyərlər, oyunçular dəyişib. Populyar influenserlər, yazarlar, hətta bəzi rapçilər, müğənnilər, aktyorlar kitab oxumağın əslində “cool” olduğunu, əsl üsyankarlığın elə məhz dövrün diqtəsinə boyun əyməyib özünə lazım olan şeyləri - misal üçün kitab oxumağı seçmək olduğu göstərilməlidir. 

 

Amma eyni zamanda nəzərdə saxlanılmalıdır ki, kitab oxuma vərdişi üçün sadəcə təşviqlər kifayət etmir, bunun üçün vaxt da lazımdır. Gənclərin vaxtı isə testlər, kurslar, imtahan hazırlığı, iş həyatı və əlbəttə ki, scroll etmək arasında itir. Yəni kitab oxumaq sadəcə fərdi bir vərdiş deyil, bir mədəniyyətin təzahürüdür. Əgər bu mədəniyyət texnologiya və sürətə uduzursa, problemi təkcə oxucuda yox, həm də sistemdə axtarmaq lazımdır".

 

 

Nigar Xəlilli