Melanoma nədir?

Bölmə: Maraqlı › ,
Tarix: 22:30 26.05.2025

 

Dəri insan orqanizminin ən böyük orqanıdır və orqanizmi xarici mühitin təsirlərindən qorumaqla yanaşı, bədən temperaturunun tənzimlənməsi, su balansının qorunması, toxunma hissi və infeksiyalara qarşı müdafiə kimi bir sıra mühüm funksiyaları yerinə yetirir. Dəri, eyni zamanda daxili orqanların sağlamlığının da göstəricisi ola bilər. Dəri xəstəlikləri çox geniş və müxtəlif səbəblərlə yaranan xəstəliklər qrupudur. Dəri xəstəliklərindən biri də melanomadır.

 

Məsələ ilə bağlı dermatoloq Tünzalə Feyziyeva bildirib ki, melanoma dəri xərçənginin təhlükəli formasıdır, çünki çox sürətli metastaz vermə qabiliyyəti var:

 

"Dəridə olan melanosit adlanan piqment hüceyrələrinin bədxassəlişidir, yəni xərçəng xəstəliyidir. Melanomanın əsas xüsusiyyəti dediyim kimi, melanositlərdən, yəni mənbəyi melanositlərdən əmələ gəlməsidir. Əlamətləri nədən bilmək olar? Əgər bizdə əvvəldən mövcud olan xalların ölçüsündə çox sürətli dəyişmə, böyümə olarsa, üzərində qabıqlanma və ya rəngində dəyişikliklər müşahidə olunarsa və yaxud da hər hansı qeyri-adi rəng tonuna malik dərialtı ləkələr görünərsə, eyni zamanda uzun müddət sağalmayan yaralar, qanama və ya qaşıntı olarsa, bu zaman melanomadan şübhələnmək olar. Əsas risk faktorları burada təbii ki, günəş şüalarıdır. Eyni zamanda ağdərili olmaq, genetik meyillilik və ailədə melanoma keçmişinin olması da önəmlidir. Xalların hədsiz çox olması da risk faktorlarından biridir. Qarşısını almaq üçün, xüsusilə ağdərili insanlar mütləq şəkildə günəşdən qorunmalı, SPF kremlər və qoruyucu geyimlərdən istifadə etməlidirlər. Günorta saatlarında kəskin şüaya məruz qalmamaq üçün günəşdən uzaq durmalı və mütləq şəkildə dərinin və xalların müayinəsi dermatoskop cihazı vasitəsilə aparılmalıdır. Müalicəsi isə əksər hallarda cərrahi yolla, yəni şişin çıxarılmasıdır. Əgər artıq metastaz varsa və şiş dəridən kənar orqanlara yayılıbsa, bu zaman immunoterapiya və kimyaterapiya istifadə oluna bilər".

 

Gülhüseynova Güllər