Tramp: Zelenskinin açıqlamaları daim Ukraynaya problemlər yaradır

Tarix: 21:11 27.05.2025
"Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatları daim ölkəsi üçün problemlərə səbəb olur". Rusiyanın Ukraynayla apardığı müharibə ABŞ tərəfindən yaxşı qarşılanmır. ABŞ Prezidenti Rusiyanın Ukraynaya endirdiyi kütləvi raket zərbələrindən də narazılığını ifadə edib.
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova "İnformator.az"a açıqlamasında bildirib ki, Donald Trampın Volodimir Zelenski ilə bağlı tənqidi fikirləri ilk deyil və təəccüb yaratmır.
"Donald Trampın Volodimir Zelenski ilə bağlı tənqidi fikirləri ilk deyil və bu təəccüb yaratmır. Əvvəl də onunla və onun hakimiyyətinin regitimliyi ilə bağlı fərqli fikirlər səsləndirilirdi, hətta onun üçüncü dünya müharibəsinə doğru yol açdığı ilə bağlı ittihamlarını da eşitmək mümkündür. Bu ittihamların əsasında Volodimir Zelenski sülh danışıqları üçün atəşkəsin şərtlərini irəli sürür və şərtlər də Rusiya tərəfindən qəbul edilmir. Bu səbəbdən, Donald Trampın arzu və vəd etdiyi qısa müddət ərzində müharibə və münaqişəyə son qoyulması ilə bağlı olan yanaşmaları öz əksini tapa bilmir. Müharibənin ilk günlərindən bu günə qədər ABŞ Ukraynanın ərazi bütövlüyü, Ukraynanın dəstəklənməsi ilə bağlı bəyanat xarakterli və eyni zamanda hərbi və maliyyə dəstəyi kontektsində öz mövqeyini aydın şəkildə ifadə edib. Donald Tramp hakimiyyətə gəldikdən sonra isə maliyyə yardımının və eyni zamanda hərbi yardımının dayandırılması və sürətli şəkildə atəşkəsin əldə olunması ilə bağlı mövqe nümayiş etdirib. Bu mövqe çox təəssüf ki, tərəfləri qısa müddətdə atəşkəsin əldə olunması ilə bağlı konstruktiv yanaşmalar ortaya qoymağa sövq edə bilməyib və ilk mərhələdə Ukrayna daha sonra Rusiya tərəfindən kəskin fikirlər səsləndirilib. Bu gün əldə edilən üçüncü mərhələ əsrlərin dəyişdirilməsi ilə bağlı proses uğurlu şəkildə yekunlaşsa da, bu İstanbul görüşləri çərçivəsində əldə olunmuş razılığın nəticəsidir. Qeyd edim ki, qısa müddət ərzində münaqişəyə son qoyulması ilə bağlı məsələ çox təəssüflər olsun ki, reallığa uyğun deyil və bu da ABŞ-nin indiki hədəfləri ilə uyğunlaşmır. Çünki ABŞ hazırda bütün regionlar və bölgələr üzrə mövcud olan münaqişələrin dondurulması və proseslərin öz nəzarəti altında həyata keçirilməsi ilə bağlı bir siyasət konsepsiyasına sahibdir.
Bu fərqli bölgələrdə müəyyən şəkildə uğurlu icra olunur, amma Rusiya-Ukrayna müharibəsi ilə bağlı konstruktiv yanaşmaları müşahidə edilə bilmir.
Baxmayaraq ki, bəyanatlar münaqişənin həll olunması istəyini ifadə edir, amma Rusiyanın və Ukraynanın, eyni zamanda Ukraynanı dəstəkləyən Avropa İttifaqının və ABŞ-nin maraqları üst-üstə düşmür, şərtlər və tələblər də fərqli istiqamətdədir. Ona görə də bu istiqamətdə Volodimir Zelenskiyə yönəlik Donald Tramp tərəfindən səsləndirilən fikirlərin əsas mahiyyəti arxa pərdədə Zelenskinin əsas hədəf olaraq göstərilməsidir.
Digər istiqamət isə Rusiya Zelenskiyə münasibəti və onun hakimiyyətinin legitimliyini hələ də qəbul etmir. Bu da mütləq şəkildə ABŞ prezidentinin düşüncələrinə təsir edici məqamlardan biridir, hətta o, bəyanatlarında Volodimir Zelenskini diktator adlandırıb, eyni zamanda onun hakimiyyətinin legitimliyini sorğulayıb. Belə nəticəyə gəlmək olur ki, Rusiya-Ukrayna müharibəsinin gedişatında Rusiyanın razılıq əldə etməsində maraqlı olan tərəf Donald Tramp administrasiyasıdır. Buna görə də prosesləri sürətləndirmək üçün Ukrayna üzərində olan təsir mexanizimlərindən istifadə etməyə çalışırlar. Təbii olaraq, bu, danışıqlar zamanı öz əksini tapır".
Səmayə Səftərova