Yay aylarının sevimli qidası-Dondurma

Bölmə: Sosial › ,
Tarix: 21:15 27.05.2025

Yay aylarının sevimli dadı olan dondurma həm böyüklərin, həm də uşaqların vazkeçilməz ləzzətidir. Lakin bu ləzzətli məhsulun sağlamlığa təsiri barədə fikirlər müxtəlifdir.

 

Mövzu ilə bağlı qida eksperti Seymur Qafarov "İnformator.az"a açıqlamasında bildirib ki, dondurmanın bir sıra faydaları mövcuddur:

 

"Süd əsaslı olduğu üçün orqanizmə kalsium verir, bu isə diş və sümüklər üçün faydalıdır. Şəkər və karbohidratlar enerji mənbəyidir, xüsusilə idman və aktivlikdən sonra bədəni gücləndirir. Eyni zamanda, dondurmanın dadı və soyuqluğu beyində “xoşbəxtlik hormonları” ifrazını artırır, bu da əhval-ruhiyyəni yüksəldə bilər. Süd əsaslı dondurmalar orqanizm üçün protein ehtiyatını təmin edir. Faydalı cəhətləri olduğu kimi dondurmanın zərərli tərəfləri də mövcuddur. Çoxlu şəkər bədən üçün zərərli olub diabet və piylənmə riskini artırır. Bəzi dondurmalar doymuş yağlarla zəngindir, bu isə ürək-damar xəstəlikləri riskini yüksəldir. Həmçinin soyuq qida boğaz ağrısı, soyuqdəymə və həzm problemlərinə səbəb ola bilər. Hazır dondurmalar bəzən süni dadlandırıcılar, konservantlar və rəngləndiricilər ehtiva edir, bu da sağlamlığa mənfi təsir göstərə bilər. Dondurmanın tərkibində bəzi zərərli maddələr vardır kı, bu da insan orqanizminə zərər verə bilər. Bunlara süni rəngləndiricilər, süni dadlandırıcılar və dadvericilər, stabilizatorlar və qalınlaşdırıcılar, trans yağlar, yüksək şəkər miqdarı kimi maddələri nümunə göstərmək olar. Evdə hazırlanan dondurmalar ümumiyyətlə sağlamlıq baxımından daha əlverişli ola bilər, evdə dondurma hazırlayarkən təbii süd, meyvələr və təmiz məhsullar istifadə olunur, süni rəng və dadlandırıcılar əlavə edilmir. Şəkəri azalda və ya təbii şirinləşdiricilər istifadə oluna bilir. Bundan əlavə, stabilizatorlar, konservantlar və süni qatqılar olmadan hazırlanır.
Gigiyenik baxımdan da güvənlidir. Amma burda bir sıra məqamlara diqqət yetirmək lazımdır. Evdə hazırlanan dondurmanın da şəkər və yağ miqdarını çox artırmaqdan çəkinmək lazımdır. Xüsusilə, süd məhsullarına və ya meyvələrə allergiyası olanlar diqqətli olmalıdır. Əgər hazırlanması zamanı yumurta istifadə olunursa, onun tam bişdiyindən əmin olmaq lazımdır".

 

Billurə Quliyeva