Deja vu hissinin yaranması

Tarix: 22:41 28.05.2025
Deja vu (fransız dilindən tərcümədə “artıq görülmüş” deməkdir) – insanın hazırkı vəziyyətinin, hadisələrin və ya mühitin artıq yaşandığı və ya əvvəldən tanış olduğu hissinə bənzəyən maraqlı və gizəmli psixoloji fenomendir. Əksər hallarda bu hiss bir neçə saniyəlik olur və dərhal keçib gedir. Deja vu həm elm, həm də fəlsəfə sahəsində maraqlı müzakirə mövzusu kimi çıxış edir. Onun yaranma səbəbləri hələ də tam aydınlaşdırılmayıb, lakin bir çox nəzəriyyələr mövcuddur. Bəziləri bunu yaddaşın qarışması və ya beyindəki neyron siqnalların müvəqqəti uyğunsuzluğu ilə izah edir.
Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova "İnformator.az"a açıqlamasında bildirib ki, deja vu hissi, həqiqətən də, mövcuddur və bu, gün ərzində yaşadığımız hər şeyin şüuraltımıza ötürülməsi ilə bağlıdır:
"Bəzən biz hansısa bir hadisəni görəndə, "bunu mən ya yuxuda görmüşəm, ya da real həyatda yaşamışam" kimi suallarla qarşılaşırıq. Və yaxud hansısa bir insanı görürük, sonra düşünürük ki, bu insanı haradasa görmüşük. Bizim yaşadığımız bu hiss "deja vu" adlanır.
Deja vu haqqında danışarkən biz həmişə şüuraltından da söz açırıq. Bəzən, həqiqətən də, yuxuda gördüklərimiz və ya hər hansı bir yerdə yaşayıb unutduğumuz hadisələr deja vu şəklində və ya ona oxşar formada qarşımıza çıxa bilir. Əlbəttə ki, bu hiss yuxuda gördüklərimizə də əsaslana bilər. Buna görə də biz bunu tam olaraq beyin oyunu kimi qiymətləndirə bilmirik.
Deja vu bizə bəzən xoş hisslər bəxş edir və bu bizi sevindirir. Bəzən isə pis hadisələrlə qarşılaşanda bu hiss mənfi formada qəbul olunur və bu da bizi kədərləndirə bilər".
Ekspert bu hissin insanların düşüncələrinə olan təsirindən də danışıb:
“Biz hansısa bir hadisəni yaşayırıq və intensiv olaraq düşünürük ki, bunu etməsəydik, daha yaxşı olardı. Bu, artıq bizim hisslərimizlə bağlı bir məsələdir. Bəzən bu hadisəni, həqiqətən də, əvvəllər yaşamışıqsa və onun mənfi tərəflərini hiss etmişiksə, deja vu həmin hadisəni bizə xatırladır və onu təkrarlamamağımıza səbəb ola bilir. Qərarvermə prosesimizə, həqiqətən də, təsir göstərə bilir.
Ümumiyyətlə, biz deja vu haqqında fikirləşərkən ilk olaraq şüuraltını ön plana çıxarırıq. Məsələn, biz nəyisə xatırlayanda, hər hansı bir hadisə bizə travma verəndə və ya yuxularımızda, yaşadığımız real hadisələrdə müəyyən anlar baş verəndə, bu məlumatlar şüuraltımıza ötürülür. Əgər şüuraltı bizim həyatımıza böyük təsir göstərirsə, demək ki, deja vu hissi də məhz buradan qaynaqlanır.
Yəni, yaşadığımız hər şey bizim şüuraltımıza yığılır. Gündəlik gördüklərimiz, yaşadıqlarımız, filmlərdə izlədiklərimiz, şənliklərdə, yas mərasimlərində və ya işdə, yolda gördüklərimiz göz yaddaşımız vasitəsilə şüuraltımıza ötürülür. Zaman keçdikcə biz bu informasiyaları yavaş-yavaş oradan çıxarmağa başlayırıq və deja vu yaşandıqda həmin anlarla eyniləşdiririk. Nəticədə isə bu hissin təsirini daha dərindən hiss edirik".
Məmmədova Nəzrin