Bu, dövlətimizə, dövlətçiliyimizə qarşı xəyanətdir

Bölmə: Maraqlı › ,
Tarix: 12:19 04.06.2025

Sovet sevdalısı “alim” və “ağsaqqal”larımız azadlığımız, müstəqilliyimiz uğrunda şəhid olan minlərlə balalarımızın ruhundan utanın. 44 günlük Zəfərimizi və hazırda işğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq işlərini görün. Müstəqil dövlətimizə, dövlətçiliyimizə, bayrağımıza etdiyiniz xəyanətin cavabı ağır olacaq. Bir gün Şəhidlərin ruhları, onların ahları Sizi tutacaq. Necə ki, 1930-cu illər repressiyasında xalqına xəyanət edən Aynaların, Həmidlərin, Əliheydərlərin, Qəzənfərlərin cəzasını verdilər.

 

Həm qəribə, həm də çox utancverici bir faktdır ki, bu gün də müstəqil dövlətimizə, azadlığımıza qənim kəsilən Aynalar, Əliheydərlər, Qəzənfərlər, Həmidlər, Hökumələr, Dadaşlar var. Utancverici həm də odur ki, bu gün də onların böyük əksəriyyəti mükəmməl təhsil görən öz “soydaş”larımızdır və aralarında “alim”lərimiz də var, “ağsaqqal” adlandırdığımız “öyüd” verənlərimiz də. Onlar Kommunist Partiyasının bizə “bəxş etdiyi” uzaq tariximiz, 28 aprel işğalını unuda bilərlər, bəs hələ yaraları qaxsaq tutmayan 20 yanvar qırğınını, Xocalı faciəsini necə? Görünür xoş güzəran, ad-san, şan-şöhrət onlar üçün nəyinki millətinin, dövlətinin, vətəninin, torpağının azadlığından, hətta namusundan, qeyrətindən də üstündür. Belələrinin bir adı var: qarnı üçün hər şeyini satanlar.

Bu günlərdə İmişlidə bir “ağsaqqal”ımızın SSRİ bayrağını qaldırması, iş otağına, “70-80 min soydaşımızın qatili olan” Stalinin portretini qoyması, döşünə "Georgi lenti"ni taxması və bunula utanmaz-utanmaz fəxr edirəm deməsi mənə 1930-cu illərdəki Aynaları, Həmidləri, Qəzənfərləri xatırlatdı. Sən demə onların nəvə-nəticə-kötücələri ölməyib ki... Doğrusunu deyim ki, mən bir yazar, alim, vətəndaş olaraq o “ağsaqqalı” ittiham etmək fikrində deyiləm. Çünki onun haqqında eşitdiklərim başdan-ayağa onun sovet sevdalısı olmağını sübut edir. Bəs İmişli rayonunun rəhbərliyi, güc qurumları bu tədbiri görməyiblərmi, eşitməyiblərmi? Doğrudanmı bu “ağsaqqalın” faliyyətindən bixəbərdilər? Və yaxud indi gec də olsa ona bu əməllərinin “bəhrəsi”ni başa saldılarmı? Suyunu içdiyi, çörəyini yediyi bu Vətənə xəyanətin nə olduğunu anlatdılarmı? Güc qurumları, nənəmin sözü olmasın ona bir toy tutmalıdırlar ki, növbəti sovet sevdalısı olan “ağsaqqal”larımıza dərs olsun!

 

İmişlidəki bu hadisəni eşidəndə yadıma 2021-ci ildə işıq üzü görən “Azərbaycan Kommunist partiyasının ən yeni tarixinə aid qısa mülahizələr” adlı kitabı düşdü. Kitabın müəllifləri Azərbaycan KP MK-nın birinci katibi T.Nurullayev, Azərbaycan KP MK katibi R.Həsənov, “Azərbaycan kommunisti” qəzetinin redaktoru K.İbrahimova və elmlər doktoru S.Vəliyevdir. Ad və soyadlardan belə aydın olur ki, müəlliflər canı-qanı bir “soydaş”larımızdır. Bəs onda? Onda şərhə eytiyac yoxdur...

 

80 səhifədən ibarət olan kitab “Maarif” mətbəəsində işıq üzü görüb və “Azərbaycan Kommunist Partiyasının yenidən bərpa edilməsində əvəzsiz xidmətləri olan Əlqəmə Orucovun xatirəsinə ithaf edilib”.
Əvvala onu qeyd edim ki, kitab həm tərtibat, həm də məzmun baxımından çox aşağı səviyyədə tərtib edilib. Elə üz qabığındakı səliqəsizlik, içindəki korrektura səhvləri, sitatların qaydalara uyğun verilməməsi və s. buna bir daha sübutdur.

 

Kitabın məzmunundan aydın olur ki, ölkəmizdə Kommunist partiyası 1991-ci ildə süquta uğrasa da, onu yenidən bərpa etmək arzusunda olanlar da var imiş. Özü də onlar bu arzularını (arzuları gözlərində qalsın) həyata keçirmək üçün, mütəmadi olaraq Rusiya ilə əlaqə saxlayırlar və bu istiqamətdə iş aparırlar.



Ölkəmizdə Kommunist partiyasının süqutuna təəssüf edən müəlliflər bu əsərdə yazırlar ki, “1991-ci ilin sentyabrında, tez-tələsik olaraq AKP MK plenumu çağırılır və bu plenumun qərarı ilə partiyanın faliyyəti dondurulur” (Bax, həmin əsər səh, 18).

Partiyanın faliyyətinin dondurulmasına təəssüf edən müəlliflər daha sonra yazırlar ki, “ölkəmizdə Kommunist Partiyasının yenidən bərpa edilməsində Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibləri Əfrand Daşdəmirov, Ramiz Mehdiyev, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibinin mətbuat xidmətinin rəhbəri Rasim Ağayev, Azərbaycan Kommunist Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Ramiz Əhmədovun xüsusi əməyi olub” (bax; həmin əsər, səh, 19).

 

Sovet sevdalısı olan bu müəlliflər “Azərbaycan Kommunist partiyasının yenidən 04.03.1994-cü ildə rəsmi olaraq dövlət qeydiyyatından keçməsində onlara Azərbaycan Respublikasının ədliyyə naziri İlyas İsmayılovun” (bax; həmin əsər, səh, 19) yardımçı olduğunu söyləməyi də unutmayıblar.

 

Kitabın 42-43-cü səhifələrində verilən məlumatdan aydın olur ki, sovet sevdalıları “ölkəmizdə 2006-cı ildə “Çağırış”, 2007-ci ildə isə “Azərbaycan Kommunisti” adlı qəzetlər buraxıblar”.
Onlar ölkəmizdə yenidən total rejimin “qayda-qanun”larını bərpa etmək, Kommunizmi xortdatmaq üçün dəridən-qabıqdan çıxırlar.

“Azərbaycan Kommunist Partiyasının ən yeni tarixinə aid qısa mülahizələr” adlı kitab haqqında “Füyuzat” jurnalına tənqidi məzmunda məqalə yazdığım üçün bu yazıda geniş bəhs etmədim. Bütün qələm yoldaşlarımı bu əsərə münasibət bildirməyə səsləyirəm. Biz sovet sevdalılarının bu hərəkətləri haqqında zamanında və məkanında kəskin tənqidi fikirlərimizi bildirməsək, aramızda belə sovet sevdalısı olan “alimlər", “ağsaqqallar”, “rus dili” aşiqləri daha çox peyda olacaqlar. Bu işdə el qınağı lazımdır. Hərəmiz öz sahəmizdə bu sovet sevdalılarını tənbeh etməli və onlara qarşı çox amansız olmalıyıq.

 

Əməkdar jurnalist Qərənfil Dünyaminqızı