Qurban Bayramı: Bıçağın ucunda dua var

Tarix: 00:59 06.06.2025
Qurban Bayramı (digər adıyla İyd-əl-Əzha, ya da Qurbanlıq bayramı) İslam dünyasında ən önəmli dini bayramlardan biridir. Bu bayram Həcc ibadətinin son günlərində qeyd olunur və İbrahim peyğəmbərin Allah yolunda oğlu İsmayılı qurban verməyə hazır olduğu üçün göstərdiyi itaətkarlığın xatirəsinə qeyd edilir.
Qurban Bayramı Hicri təqvimin Zilhiccə ayının 10-cu günü başlayır və 3-4 gün davam edir. Qriqorian təqviminə görə tarixi hər il dəyişir. 2025-ci ildə Qurban Bayramı 6 iyun başlayır.
Qurban Bayramında maddi imkanı olan müsəlmanlar qurbanlıq heyvan – qoyun, keçi, inək və ya dəvə kəsir. Bu heyvanların ətinin bir hissəsi yoxsullara, ehtiyacı olanlara paylanır. Bu həm Allaha yaxınlaşmaq (Qurban sözü “qurb” – yaxınlıqdan gəlir), həm də insanlar arasında paylaşma və yardımlaşma ruhunu ifadə edir.
Qurban Bayramında nə edilir?
Bayram namazı qılınır – səhər erkən camaatla birgə ; qurban kəsilir – niyyətlə və müəyyən qaydalara əsasən ; ət üç yerə bölünür: bir hissəsi evdə qalır, bir hissəsi qohumlara, bir hissəsi ehtiyac sahiblərinə verilir ; insanlar bir-birini ziyarət edir, təbrik edir ; bayram süfrələri qurulur, birlik və sevgi paylaşılır.
Qurban Bayramınız mübarək!
Lalə Qafarova