Bakı Enerji Həftəsində Azərbaycanın Yeni Hədəfləri

Bölmə: İqtisadiyyat › ,
Tarix: 16:05 06.06.2025

Bakı Enerji Həftəsi çərçivəsində bu il də enerji sahəsində aktual məsələlər müzakirə olunub. Tədbirə 39 ölkədən nümayəndələr qatılıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Xalid Kərimli bildirib ki, artıq 1995-ci ildən keçirilən bu tədbir təkcə siyasi platforma deyil, həm də real əməkdaşlıqların qurulması üçün münbit zəmin yaradır:

 

"Bu, bizim üçün illərlə formalaşan bir ənənədir. Azərbaycan enerji ölkəsidir və bu tədbir vasitəsilə biz həm neft-qaz sahəsində, həm də alternativ enerji üzrə gələcək planlarımızı dünyaya nümayiş etdiririk. İndi əsas hədəfimiz enerji siyasətini diversifikasiya etmək və yeni tərəfdaşlarla işləməkdir. Azərbaycanın enerji strategiyası bir neçə əsas istiqaməti əhatə edir. Onlardan biri Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Bu məqsədlə 2022-ci ildə Avropa Komissiyası ilə müvafiq memorandum imzalansa da, maliyyələşdirmə ilə bağlı məsələlər layihənin tam icrasını ləngidir".

 

Xalid Kərimli bildirib ki, Azərbaycan yalnız öz karbohidrogen ehtiyatlarını ixrac etməklə kifayətlənmir, eyni zamanda bölgədə enerji tranziti rolunu da gücləndirməyə çalışır:

 

“Biz Mərkəzi Asiyadan gələn enerji resurslarının Avropaya çatdırılması üçün tranzit ölkə kimi çıxış etmək istəyirik. Bu, təkcə regional əməkdaşlıq üçün yox, Azərbaycanın geosiyasi çəkisinin artması baxımından da əhəmiyyətlidir. Macarıstan və Rumıniya ilə birlikdə, Avropa Komissiyasının iştirakı ilə Qara dənizin dibi ilə alternativ enerji ixracına dair kabellərin çəkilməsi nəzərdə tutulur. Bu, Azərbaycanın yaşıl enerji ixracatçısı kimi də çıxış etmək istədiyini göstərir. Biz təkcə istehsal etməyə yox, ixrac etməyə də ciddi hazırlaşırıq. Ənənəvi enerji sektoru – yəni neft hasilatı da gündəmdən çıxmayıb. Neft hasilatında sabitliyi qorumaq üçün də müəyyən addımlar planlaşdırılır. Baxmayaraq ki, dünya yaşıl enerjiyə yönəlir, karbohidrogenlərin əhəmiyyəti hələ də qalır və bu sahədə balanslı siyasət yürütmək vacibdir. “Bakı Enerji Həftəsi” təkcə siyasi və texniki sənədlərlə deyil, real investisiya və tərəfdaşlıqlarla da nəticələnə bilər. Bu cür tədbirlər bizi yeni bazarlara çıxarır, yeni maliyyə imkanları ilə tanış edir. İqtisadi baxımdan bu, risk deyil, əksinə, fürsətdir. Risklər daha çox enerji diplomatiyasının siyasi müstəviyə daşınmasından qaynaqlana bilər. Amma biz bu balansı qorumağı bacarırıq".


Selcan Əhmədli