Ənənədən innovasiyaya: Milli yeməklərin müasir tərzdə təqdimatı

Tarix: 20:19 06.06.2025
Azərbaycan mətbəxi zəngin irsə sahib olub, zamanla müasir təqdimatla yenilənir. Aşpazlar milli yeməkləri qorumaqla yanaşı, onları innovativ formada təqdim edirlər. Müasir restoranlarda düşbərə mini, qutab avokadolu, plov isə fərqli souslarla servis olunur. Bu yeniliklər gəncləri milli mətbəxə yaxınlaşdırır və ənənəni gələcəyə daşıyır.
Mövzu ilə bağlı Şef Rövşən Nəcəfov “İnformator.az”a bildirib ki, milli yeməklərin müasir şəkildə təqdim olunması çox əladır, bir halda ki, orada çox da inqrediyent dəyişiklikləri yoxdur:
“Məsələn, məndə menyuda “kare” var — özəl sousla, bildiyimiz antrikot kababıdır. Uşaqlıqda badımcan kababını çox sevirdim deyə, onu o formada fikirləşmişəm, sadəcə üstünə Amerika sousu əlavə etmişəm. Orada çox gözəl dad uyumu var, mənim də çox xoşuma gəlir. Qonaqlar da bəyənir.
Ona görə də bəzən müasirləşdirərkən detalları unutmaq lazım deyil. Çünki hər kəsin böyüdüyü bir abu-hava var. O abu-hava artıq bizim şüuraltımızda, dadlar kimi qalıb. Onları sadəcə müasir şəkildə servis etmək lazımdır. Hansı prinsiplərə sadiq qalmaq isə insanların şəxsi fikridir”.
Şefin sözlərinə görə, son işlədiyi ölkə Rusiya olub:
“ Fevral ayında Azərbaycana qayıdıb və burada çalışmağın, böyüdüyümüz mentalitet və tanış dadlarla necə bağlı olduğunu bir daha hiss edib.
Artıq biz bu dadlarla böyümüşük, onları qəbul etmişik. Sadəcə, bunları üzə çıxarmaq lazımdır. Məsələn, yeni menyuda fəsəli olacaq — çox gözəl. Onu nə ilə sevdirəcəyim yadımdan çıxıb, dəftərdə yazılıb.
Amma mən fəsəlini çox sevdiyim üçün onu daha kreativ formada, maraqlı bir kəsimlə təqdim etmişəm. Resept olaraq isə nənəmin fəsəlisindəki kimi qalıb. Sadəcə, məsələn, mən o qutabı avokado ilə bəyənməzdim. Ona daha kreativ yanaşardım ki, milli mətbəximizin detalları dərindən dərk olunmaqla daha da üzə çıxsın”.
Xəlilli Nigar