SOCAR-ın Yaşıl Yol Xəritəsi

Bölmə: İqtisadiyyat › ,
Tarix: 14:56 07.06.2025

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə strukturu olan “SOCAR Green” MMC-nin 2050-ci ilədək “xalis sıfır” hədəfi, dekarbonizasiya təşəbbüsləri və bu istiqamətdə atılan addımları Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən “Karbohidrogen yataqlarının işlənməsi zamanı innovativ texnologiyaların tətbiqinin ekoloji aspektləri” mövzusunda Beynəlxalq elmi-praktik konfransda təqdim olunub. Azərbaycanın qlobal iqlim dəyişiklikləri ilə mübarizədə fəal iştirak etdiyini bildirən SOCAR prezidenti, COP29 kimi mötəbər tədbirin Bakıda keçirilməsinin ölkəmizin ekoloji məsələlərə həssas yanaşmasının bariz göstəricisi olduğunu vurğulayıb.

 

Bu məsələ ilə bağlı ekspert Zəfər Vəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, 2050-ci ilə qədər “Xalis sıfır” (Net Zero) hədəfinə çatmaq nəzərdə tutulur:

 

"Qlobal çağırışları nəzərə alaraq Azərbaycan 2050-ci ilə qədər 1990-cı il səviyyələri ilə müqayisədə istixana qazı emissiyalarını 40% azaltmağı hədəfləyir. Azərbaycanın ölkə üzrə dekarbonizasiya fəaliyyətlərində SOCAR aparıcı rol oynayaraq bu məqsədə çatmaqda Azərbaycanın milli dayanıqlılıq hədəflərini fəal şəkildə dəstəkləyərək onun nümayəndə heyəti 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində “Neft və Qazın Dekarbonizasiya Xartiyası”na (OGDC) qoşulub.

 

SOCAR, eyni zamanda, qlobal miqyasda metan emissiyalarının azaldılması sahəsində ciddi niyyətini və bu istiqamətdə elan etdiyi dekarbonizasiya hədəflərinə sadiqliyini nümayiş etdirərək “Neft-Qaz Metan Tərəfdaşlığı”na (“OGMP 2.0”) da qoşulub. “OGDC” Xartiyası 2050-ci ilə qədər neft-qaz əməliyyatlarında xalis sıfıra nail olma, 2030-cu ilə qədər “Upstream” seqmentində metan emissiyaları üzrə sıfır hədəfinə yaxınlaşma və 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi kimi məqsədləri əhatə edir.

 

2023-cü ildə COP28-də SOCAR dekarbonizasiya və enerji keçidi istiqamətləri üzrə emissiyaların azaldılması ilə əlaqədar öz hədəflərini açıqladı. Elan edilmiş hədəflərdə 2030-cu ilə qədər hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi, 2030-cu ilə qədər “Upstream” seqmentində emissiya intensivliyinin 30% azaldılması, 2022-ci ilin göstəricisi ilə müqayisədə 2035-ci ilə qədər korporativ emissiya intensivliyinin 30% və ümumi emissiyaların həcminin 20% azaldılması, 2035-ci ilə qədər “sıfır metan” hədəfinə yaxınlaşma və sonda 2050-ci ilə qədər “Xalis sıfır” (Net Zero) hədəfinə çatmaq nəzərdə tutulur.

 

Elan edilmiş mərhələli hədəflər SOCAR-ın neft və qaz şirkətindən dayanıqlı enerji şirkətinə keçidi üçün atılan önəmli addımlardır. COP29-a Azərbaycanın ev sahibliyi etməsi onun iddialı iqlim hədəflərinə irəliləməsinin göstəricisidir və SOCAR Azərbaycanın iqlim hədəflərini dəstəkləyir".

 

Xədicə Məhərrəmli