Mahir Emreli Almaniyaya gedib

Tarix: 13:57 25.06.2025
"Mahir Emrelinin “Kayzerslautern”ə keçidi Azərbaycan futbolu adına çox yaxşı haldır. Ən bəyəndiyim məqam isə Mahirin məhz Almaniyada qalması, bu istiqrarı, gələcəyini, inkişafını düşünməsidir. Ona başqa təkliflər də olub, amma arasında maaş baxımından daha cəlbediciləri olsa da, Mahir seçim edərək məhz Almaniyada “Kayzerslautern”də qalmağa üstünlük verib. Sanki Almaniyadan, İngiltərədən təklifləri olmasına rəğmən onun Almaniyada qalması "burada daha rahat hiss edirəm" mənasını verirdi".
Bu sözləri CBC Sport-un şərhçilər və verilişlər xidmətinin rəhbəri Gündüz Abbaszadə "İnformator.az"a açıqlamasında deyib.
Müsahib qeyd edib ki, “Kayzerslautern”un növbəti mövsümdə 2-ci Bundesliqanın favorit komandalarından biri kimi görünür və Mahir danışan zaman oynayacağını deyib, buna görə bol uğur arzulayıram:
"Biz ona güvənirik. Bu gün Azərbaycan futbolunun ən parlaq adıdır, ən yaxşı futbolçusudur. Bu, şərhsiz mənim fikrimdir, ümid edirəm ki, o yeni komandada uğurlu olacaq. Bu dəyişiklik, onun ritminə və milli komandadaki mövqeyinə müsbət təsir edəcək. Əsas şərt odur ki, mütəmadi oynasın. O seçim edərkən oynama perspektivini önə çıxarıb və daha çox oynaya biləcəyi komandanı seçib. Bu baxımdan uğurlu olacağına şübhəm yoxdur. Ancaq Mahir kaş daha gənc yaşlarında bu seçimi edə, daha gənc yaşlarında Bundesliqada oynayaydı. Amma yaş çox da önəmli deyil, hesab edirəm ki, növbəti mövsüm, 2-ci Bundesliqada çıxışı daha böyük klublara və hətta Almaniya Bundesliqasında yolu açıla bilər. Ümid edirəm çox uğurlu olacaq və biz növbəti mövsüm Mahir haqda daha xoş sözlər sözləyəcəyik, Bundesliqaya yolunun açıldığını görəcəyik".
Zəhra Möhübbətova