“Avropa çempionatına vəsiqə qazanmağa çalışacağıq”-Millimizin üzvü

Bölmə: İdman › ,
Tarix: 15:42 05.07.2025


Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi növbəti yarışlarda daha yaxşı çıxış etməyə və Avropa çempionatına vəsiqə qazanmağa çalışacaq.


"İnformator.az" xəbər verir ki, bu barədə yığma üzvü İbrahim Məmmədov Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

 

O, Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatındakı çıxışları ilə bağlı fikirlərini bölüşüb:

 

“Qrup mərhələsini ikinci pillədə tamamladıq. Pley-offda Litva millisinə qalib gəldik. 1/4 finalda isə ev sahibi Latviya yığmasına məğlub olduq. Turnir Avropa çempionatına vəsiqə qazandırırdı. Çox istərdik ki, biz də ilk üç pillədə yer alaq və qitə birinciliyində ölkəmizi təmsil edək. Çalışacağıq ki, növbəti yarışlarda daha yaxşı çıxış edək və Avropa çempionatına vəsiqə qazanaq”.