Şəxsən Trampdan eşitdim, ABŞ geri çəkilməyib

Tarix: 14:04 07.07.2025
ABŞ Ukrayna ordusuna silah ötürülməsini tamamilə dayandırmayıb, söhbət sadəcə bəzi silah növlərinin tədarükündəki fasilədən gedir.
Mövzu ilə əlaqədar politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya bu müharibədə maksimum irəliləmək istəyir. Hətta bütün Ukraynanı nəzarət götürməyi düşünür:
“Amerika və Avropa isə Ukraynaya həlledici üstünlük əldə etməsinə səbəb olacaq yardım və dəstəyi göstərmir. Rusiya Prezidenti Vladimir Putinin atəşkəsi rədd etməsi də onu göstərir ki, geri çəkilməyi düşünmür. Ona görə ki, ABŞ və Avropa həm sülhlə bağlı ciddi addımlar atmır, həm də Ukraynaya lazımi dəstəyi vermir. Bu da Putini daha da "ruhlandırır" və işğala davam etməyə şərait yaradır. ABŞ sadəcə Ukraynaya silah göndərməklə işini bitib sayır. Avropa ölkələri isə təsirli vasitələrdən istifadə etmirlər. Ola bilsin üzücü və yorucu uzunmüddətli müharibə ilə Rusiyanı tükətmək istəyirlər. Eyni zamanda iş aparırlar ki, bəlkə daxildə Putinə qarşı hansısa planda nailiyyətlər əldə edələr. Bu da zaman aparır və Ukraynanın məhvinə gətirib çıxardır”.
Ekspertin sözlərinə görə, Rusiya özünə qarşı ABŞ və Avropadan ciddi müqavimət görmür, ona görə də atəşkəsi asanlıqla rədd edə bilir:
“ABŞ prezidenti Donald Trampın qeyri - ciddiliyi və bu mövzuda tərəddüdləri, ziddiyyətli mövqeyi müharibənin uzanmasına, Rusiyanın da irəliləməsinə şərait yaradır. Ən azı Çinə və Şimali Koreyaya təziq və təsir göstərə bilərdi Rusiyaya dəstəklə bağlı. Bunu da görmürük. Rusiya artıq nəinki Ukraynaya qarşı təcavüz edir, hətta Cənubi Qafqazda da yeni təsir rıçaqları yaratmağa cəhd edir. Ermənistanda kilsəni hakimiyyətə qarşı təhrik edir, Azərbaycan əsilli şəxsləri Rusiyada qəddarlıqla həbs etdirir. Yəni, bunları hamısı ABŞ və Avropa ölkələrinin Rusiyaya qarşı təsirli qarşılıq verməməsinin nəticədir. Ukrayna məsələsində ciddi beynəlxalq müqavilələrlə rastlaşmayan Rusiya hakimiyyəti daha da özünə münbit şəraitin yarandığını zənn edir. Lakin beynəlxalq təşkilatlar təsirli addımlar atmalıdır. Ukrayna müharibəsinin dayanması sonda daha böyük şasştlablı savaşa çevrilməsi baş verə bilər”.
Asiman Vəliyeva