İlham Əliyev 1 fərman, 1 sərəncam imzalayıb

Bölmə: Siyasət › ,
Tarix: 14:45 07.07.2025

 

Prezident İlham Əliyev “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 221-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.


"İnformator.az" "Axar.az"a istinadən 
fərmanın mətnini təqdim edir:

 

1. Müəyyən edilsin ki:

 

1.1. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 39.2-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

 

1.2. həmin Qanunun 39.2-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

2.1. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinin qüvvəyə minməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

2.2. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 221-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 

3. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 647 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

 

3.1. 1.1-ci bəndə “38-ci,” sözlərindən sonra “39.2-1-ci,” sözləri əlavə edilsin;

 

3.2. 1.2-ci bəndə “33.1-ci,” sözlərindən sonra “39.2-1-ci,” sözləri əlavə edilsin.

 

4. Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 221-VIIQD nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

 

***

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Notariat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 216-VIIQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda deyilir:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

1.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1254-cü maddəsinə uyğun olaraq, notarius tərəfindən mirasın siyahıya alınması qaydasının müəyyən edilməsi məqsədilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;


1.2. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Notariat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 216-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.