ABŞ-dən dəhşətli görüntülər

Tarix: 18:02 08.07.2025
Texas ştatında baş verən sel fəlakəti nəticəsində Guadalupe çayının cəmi 45 dəqiqə ərzində 10 metrdən çox qalxması səbəbilə ən azı 80 nəfər həyatını itirib. Fəlakət 4 iyul səhəri şiddətli yağışlar nəticəsində çayın daşması ilə başlayıb və ən çox insan itkisi Kerr dairəsində qeydə alınıb. Axtarış-xilasetmə qrupları hazırda 41 nəfəri axtarıb.
Fəlakət 4 iyul səhəri Kerr dairəsində baş verib. Güclü yağışlar səbəbindən çay qəfil daşaraq ətraf əraziləri su altında qoyub. Ən çox insan itkisi də məhz bu bölgədə olub. Travis dairəsində 5, Burnet dairəsində 3, Williamson və Kendall dairələrində hər birində 2 nəfər, Tom Green dairəsində isə 1 nəfər həyatını itirib.
Xilasetmə qrupları itkin düşmüş 41 nəfəri axtarmağa davam edir. İtkin düşənlər arasında Guadalupe çayı sahilində yerləşən Camp Mystic adlı xristian yay düşərgəsində olan 11 qız uşağı da var.
Sosial mediada yayılan görüntülərdə 4 iyul günü saat 17:00-dan 18:00-a qədər sel sularının necə sürətlə yüksəldiyi görünüb. Su qısa müddətdə yolları bağlayıb, kiçik ağacları və kolları udub. Təxminən bir saat sonra yalnız bir neçə ağacın ucu suyun üzərində qalıb. Videonu izləyən bir istifadəçi belə şərh yazıb: “Video saat 17:12-də başlayır. 17:18-də su səviyyəsinə baxın. 6 dəqiqəyə qaçmağa yer tapmaq mümkün deyil".
Rəsmi şəxslər bölgədə yağışların davam etdiyini və su səviyyəsinin daha da qalxa biləcəyini bildiriblər. Johnson Creek və Guadalupe çayı ətrafında yeni təxliyə qərarları verilib. Texas Fövqəladə Halların İdarə Olunması Departamentinin rəhbəri Nim Kidd yağışın davam etdiyini, bölgəyə əlavə su kütlələrinin gələcəyini və hadisə bölgələrinə hava yolu ilə çatmağa çalışdıqlarını bildirib.
6 iyul tarixində “Daily Mail”in əldə etdiyi məlumata görə, Texas Fövqəladə Halların İdarə Olunması Departamentinin rəsmiləri ölü sayının 100-ü keçəcəyini gözləyirlər. Ştatın fövqəladə hallar ofisi bu məlumatı tərəfdaş qurumlara e-poçt vasitəsilə göndərib. İki ayrı mənbə bu proqnozun doğruluğunu təsdiqləyib.
Haberler.com
Aygün Babayeva