Rusiya sülh danışıqlarına getmir-Qərbdən sərt reaksiya və yeni sanksiyalar

Tarix: 20:46 21.07.2025
Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə sülh danışıqlarından imtinası beynəlxalq aləmdə ciddi tənqidlər doğurub. “Vaşinqton Post”un təhlilinə görə, bu siyasət Moskvanın nüfuzunu zəiflədir, enerji bazarlarından sıxışdırır və keçmiş müttəfiqləri ilə əlaqələri pozur. Putinin əsas məqsədi işğal etdiyi əraziləri qorumaq və Ukraynanın NATO-ya yaxınlaşmasının qarşısını almaqdır.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a bildirib ki, Rusiya, həm daxildə, həm də beynəlxalq arenada təcrid olunmuş ölkə vəziyyətinə düşüb:
"Doğrudur, son bir ildə müəyyən qədər bu izolyasiyadan çıxmağa cəhd göstərsə də, Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra Rusiya üçün yaranan diplomatik təmas imkanları hazırda getdikcə daralır. Belə ki, Rusiya lideri Ukrayna ilə danışıqlara getmək və atəşkəsə razı olmaqda maraqlı deyil. Müharibəni davam etdirməsi isə Qərblə münasibətlərdə ciddi gərginliklərə səbəb olur. Hətta Trampın özü də Vladimir Putinin mövqeyini tənqid edib və Moskvanın vurulması ilə bağlı müəyyən mesajlar verilib. Ukraynaya dəstəyin davam etdiriləcəyi ilə bağlı bəyanatlar və bu istiqamətdə atılan addımlar isə Rusiya üçün qəbuledilməz hesab olunur. Müharibənin davam etməsi, qeyd olunduğu kimi, Rusiya ilə Qərb arasında münasibətləri daha da gərginləşdirəcək. Nəzərə alsaq ki, Avropa İttifaqı Rusiyaya qarşı artıq 18-ci sanksiya paketini tətbiq edib, ABŞ Prezidenti isə sentyabra qədər Rusiyanın mövqeyinə baxılacağını bildirib. Əgər bu müddət ərzində dəyişiklik baş verməzsə və ABŞ Senatı da əlavə sanksiyalar tətbiq edərsə, bu, Rusiya iqtisadiyyatında tənəzzül prosesini daha da sürətləndirəcək. Rusiya rəsmilərinin özləri də artıq iqtisadiyyatda durğunluğun olduğunu etiraf edirlər. Müharibənin və sanksiyaların uzanması isə bu tənəzzülü daha da dərinləşdirə bilər. Bundan əlavə, savaşın uzanması Rusiyanın Çindən asılılığını da artırır. Hal-hazırda Çin-Rusiya münasibətləri formal olaraq müttəfiqlik kimi təqdim olunsa da, əslində bu münasibət bərabər tərəfdaşlıqdan çox, böyük və kiçik tərəfdaşlar arasındakı münasibətə bənzəyir. Bu baxımdan, savaşın dayandırılması və sülhə gedilməsi Rusiyanın öz maraqlarına da uyğundur. Əks halda, Ukrayna ərazilərini işğalda saxlamaq, Ukraynanın NATO-ya üzvlüyünün qarşısını almaq kimi bəhanələrlə müharibənin davam etdirilməsi həm Rusiyanın beynəlxalq nüfuzuna, həm də iqtisadi potensialına ciddi zərbə vurur".
Gülhüseynova Güllər