İdxaldan asılılıq və yerli istehsalın stimullaşdırılması

Tarix: 21:09 23.07.2025
İdxaldan asılılıq bir çox ölkələr üçün iqtisadi təhlükəsizlik baxımından ciddi çağırış yaradır. Yerli istehsalın stimullaşdırılması həm milli valyutanın qorunmasına, həm də daxili bazarın inkişafına xidmət edir.
Mövzu ilə bağlı iqtisadçı Toğrul Vəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, qeyd etmək lazımdır ki, Azərbaycanın idxalda əsas tərəfdaşları məhdud saydadır:
"Azərbaycanda demək olar ki, bütün sahələrdə idxaldan asılılıq müşahidə olunur. Bu asılılıq müxtəlif formalarda özünü göstərir, bəzi sahələrdə xammal tamamilə xaricdən gəlir, bəzilərində isə konkret detallar və ya avadanlıqlar idxal olunur. Avadanlıqların dəyişdirilməsi, təmiri və servis xidmətləri də xaricdən asılıdır. Yəni demək olar ki, ölkədə idxaldan asılı olmayan sahə yoxdur , fərq yalnız dərəcəsindədir. Bu, əsasən Azərbaycanın kiçik bir ölkə olması və öz resurslarının məhdudluğu ilə bağlıdır. Ölkənin hər bir məhsulu daxildə istehsal etməsi real deyil. Lakin bu asılılığı müəyyən qədər azaltmaq mümkündür, xüsusilə də strateji sahələrdə. Hədəf bu sahələrdə idxaldan asılılığı minimuma endirmək və potensial risklərin qarşısını almaq olmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın idxalda əsas tərəfdaşları məhdud saydadır, Rusiya, Türkiyə və getdikcə daha çox Çin bunlara aiddir. Bu cəmlənmə də müəyyən iqtisadi və siyasi risklər yaradır. Diversifikasiya və yerli istehsalın stimullaşdırılması bu risklərin azaldılması baxımından önəmlidir. Azərbaycanda idxaldan asılılıq təkcə istehsal sahələrində deyil, həm də nəqliyyat və logistika baxımından ciddi risklər yaradır. Ölkənin coğrafi mövqeyi, dənizə birbaşa çıxışının olmaması və bəzi regionlardan uzaqlığı səbəbilə məhsulların çatdırılması asan deyil. Bu səbəbdən dünya bazarlarında nəqliyyatla bağlı baş verən hər bir dəyişiklik Azərbaycana birbaşa təsir edir. Məsələn, Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox məhsulların marşrutları dəyişdirildi və bu, Azərbaycana daxil olan malların logistikasını çətinləşdirdi. Nəticədə daşınma xərcləri artdı və bu da məhsulların qiymətinə təsir göstərdi.
Əsas risklərdən biri də sosial xarakter daşıyır yəni, qiymət artımı. Əgər ölkə öz ehtiyaclarını daxildə qarşılayabilsəydi, dünya bazarındakı dəyişikliklər bu qədər təsirli olmazdı. Məsələn, buğda və digər strateji məhsullar yerli istehsalla təmin olunsaydı, xarici bazardakı bahalaşma Azərbaycana ciddi şəkildə sirayət etməzdi.
Hazırkı vəziyyətdə mebel istehsalı üçün xammal, tikinti materialları, qapılar, qablaşdırma məhsulları və bir çox qida məhsulları da daxil olmaqla, bir sıra sahələr tamamilə idxaldan asılıdır. Bu da ölkəni beynəlxalq proseslərə qarşı daha həssas və müdafiəsiz edir. Hazırda hökumət idxalı məhdudlaşdırmaq və yerli məhsullara tələbatı artırmaq üçün müəyyən gömrük rüsumları, vergilər və digər tənzimləyici alətlərdən istifadə edir. Məqsəd odur ki, bazarda yerli istehsal üstünlük qazansın və insanlar daha çox yerli məhsulları alsın. Amma əsas məsələ təkcə rüsum və vergi deyil – burada ciddi investisiya məsələsi var. Azərbaycanda sənaye, xüsusən də istehsal sahələri yetərincə inkişaf etməyib. Əsas inkişaf edən sahələr qida sənayesi və qismən kimya sənayesidir. Geyim, ayaqqabı və digər sahələrdə isə istehsal çox zəifdir. Bunun əsas səbəblərindən biri də əhalinin gəlirlərinin aşağı olmasıdır. İnsanların alıcılıq qabiliyyəti zəif olduğu üçün yerli istehsal üçün tələb olunan miqyasda satış mümkün olmur və bu da həmin sahələri rentabelli etmir. Eyni zamanda, Azərbaycan bazarı çox kiçikdir. Yerli istehsal üçün müəyyən həcmdə satış bazarı lazımdır, lakin burada həm bazarın kiçikliyi, həm də gəlirlərin azlığı bu imkanları məhdudlaşdırır. Ona görə də, hazırkı şəraitdə yerli istehsalın sürətli inkişafını gözləmək real deyil. Əvvəlcə əhalinin gəlirləri artmalıdır ki, bazar genişlənsin və investisiya cəlbedici olsun. Ancaq bu halda yeni sahələrdə yerli istehsalın inkişafı mümkün ola bilər".
Səmayə Səftərova