İsrailin Qəzzaya yardım qərarı real iqtisadi axını təmin edə bilməz -İqtisadçı

Tarix: 15:42 05.08.2025
İsrailin COGAT hərbi agentliyinin qərarına əsasən, yerli ticarətçilər vasitəsilə Qəzzaya malların mərhələli və nəzarətli şəkildə idxalına icazə veriləcək. Agentlik bildirir ki, bu qərar yardımın həcmini artırmaq və beynəlxalq təşkilatlardan asılılığı azaltmaq məqsədi daşıyır. HƏMAS isə İsrailin müəyyən şərtləri yerinə yetirdiyi təqdirdə girovlara yardımın çatdırılması üçün Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlığa hazır olduğunu bəyan edib. Rəsmilər qeyd edirlər ki, Qəzzaya gündə təxminən 600 yük maşını humanitar yardım daxil olmalıdır.
İqtisadçı Altay İsmayılov “İnformator.az”a açıqlamasında bildirib ki, bölgədə real iqtisadi axının bərpası hələlik mümkün görünmür:
“Birincisi qəbul eləmək lazımdır ki, Qəzzada sözün həqiqi mənasında bir insanlıq faciəsi yaşanır. Orada artıq həqiqi mənada bir drama, bir faciə yaşanır ki, insanlar nəinki yaşayış yerləri ilə, artıq qida ilə imtahan olunurlar. Bu yardım qərarı az da olsa, o insanların kütləvi şəkildə ölməməsinə təsiri ola bilər, amma bunu götürüb real iqtisadi axını bərpa edə bilərmi? Əlbəttə ki, edə bilməz. Çünki biz Qəzzada xarabalığa çevrilmiş, bütün infrastrukturu məhv olmuş bir yerdən bəhs edirik”.
Altay İsmayılov mərhələli idxalın yerli bazar və ticarətçilər üçün də məhdud imkanlar yaratdığını bildirib:
“Burada məhsulların çatdırılması zəruri ehtiyacların təminidir, iqtisadi infrastrukturun bərpası demək deyil. Burada bir ticarət prosesinin başlanğıcı sayılmaz. Çox böyük məhdudiyyətlər var və bu çərçivədə bir sistemin formalaşdırılması mümkün deyil. Yəni çatdırılan malların ünvanlara verilməsi ilə məhdudlaşır”.
İqtisadçı bildirib ki, gündə 600 yük maşını səviyyəsində mal dövriyyəsi Qəzzanın mövcud infrastrukturu və logistika imkanları üçün uyğun deyil:
“Əlbəttə ki, uyğun gəlmir. Çünki orada infrastruktur yoxdur. Hər şey məhv edilib. Bu yardımların ora çatdırılması müsbət hal kimi qiymətləndirilsə də, onların paylanması, anbarlanması, qorunması, daşınması – bütün bunlar ayrıca çətinlikdir. Məsələn, Qəzzada ərzaq məhsulları da xarab olan məhsullardır. Elə bir şərait yoxdur ki, onlar saxlanılsın. Ona görə də bu yardımların davamlı, effektiv formada paylanması çox çətindir”.
Altay İsmayılov qeyd edir ki, bütün bu çətinliklərin həlli müharibənin dayandırılmasından keçir:
“Bu faciənin dayandırılması ümumilikdə atəşkəsin imzalanmasından asılıdır. Müharibənin durdurulmasından asılıdır. Yəni nəinki Qəzza, nəinki o region, ümumiyyətlə dünya bir insanlıq faciəsi ilə qarşı-qarşıyadır”.
Solmaz Muradova