İstedadlı şagirdlərin aşkarlanması və inkişafı

Bölmə: Sosial › ,
Tarix: 22:32 06.08.2025

 

Məktəblərdə çoxlu sayda şagird var ki, kimya, fizika, mexanika və texnologiya sahələrində yüksək potensiala malikdir. Onlar araşdırmağa, qurmağa, sınaq keçirməyə və təcrübələr aparmağa meyillidirlər. Bəzi məktəblərdə praktik yönümlü dərslərin və yaradıcı laborator mühitin olmaması istedadlı uşaqların elmdən uzaqlaşmasına səbəb ola bilər.

 

İstedadlı şagirdlərin müəyyənləşdirilməsi üçün təhsil sistemində hansı diaqnostik metodlar tətbiq olunur və bu metodlar nə dərəcədə effektivdir? Və istedadlı şagirdlərin inkişafı üçün yaradılmış mövcud proqram və layihələr (məsələn, STEAM, fənn olimpiadaları, dərnəklər) onların potensialını nə dərəcədə üzə çıxarır?

 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov "İnformator.az"a bildirib ki, istedadlı uşaqların qabiliyyətlərinin üzə çıxarılması təbii ki, ilk növbədə məktəbdən başlamalıdır:

 

"Bu prosesin ən təsirli yollarından biri respublika fənn olimpiadalarıdır. Olimpiadalar istedadlı şagirdlərin aşkar edilməsi və onların mərhələ-mərhələ inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Xüsusilə, son mərhələ olan respublika turuna qədər gedib çıxmaq şagirdin intellektual potensialının qiymətləndirilməsində mühüm rol oynayır. Beynəlxalq olimpiadalarda iştirak isə həmin istedadın daha da inkişaf etdirilməsi üçün əvəzsiz fürsət sayılır.

 

Ekspertlər qeyd edirlər ki, ilk mərhələdə məktəb daxilində qeyri-adi istedada malik olan şagirdlər müəyyənləşdirilməlidir. Daha sonra bu şagirdlər üçün xüsusi tədris proqramları hazırlanmalı, onların fərdi inkişafını dəstəkləyən metodlar tətbiq olunmalıdır. Bu sahədə dünyanın bir çox ölkələrində uğurlu təcrübələr mövcuddur. Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılır: müxtəlif təmayüllü məktəblərin, liseylərin və ixtisaslaşdırılmış təhsil müəssisələrinin yaradılması bu məqsədə xidmət edir.Belə məktəblərdə istedadlı şagirdlərin təhsil alması üçün şərait yaradılmalı, həmin məktəblərin pedaqoji kollektivi isə diqqətlə seçilməlidir. Müəllimlərin peşəkarlığı və motivasiyası istedadların düzgün yönləndirilməsində əsas faktorlardan biridir. Bu baxımdan, onların əməkhaqlarına əlavə motivasiyaedici əlavələr edilməsinin də əhəmiyyəti böyükdür".

 

Ekspert bildirib ki, istedadlı şagirdlərin inkişafı yalnız fərdi deyil, cəmiyyətin gələcək intellektual potensialı baxımından da əhəmiyyətlidir:

 

"Bu səbəbdən çalışmaq lazımdır ki, heç bir istedad diqqətdən kənarda qalmasın və itib getməsin.Hazırda ölkənin müxtəlif bölgələrində yaradılmış STEM mərkəzləri və təhsil resursları bu məqsədə xidmət edir. Həmçinin fənlərarası inteqrasiya və müxtəlif fənlərin sintez şəklində tətbiqi də şagirdlərdə analitik təfəkkürün formalaşmasına, onların yaradıcı bacarıqlarının üzə çıxmasına kömək edir".

Türkan Kərimli