Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın doğum günüdür

Tarix: 17:00 08.08.2025
"İnformator.az" xəbər verir ki, bu gün – 8 avqust faciəvi şəkildə həlak olan stüardessa Hökümə Əliyevanın doğum günüdür. O, ömrünü insanlara xidmətə, təhlükəsizlik və qayğı ilə yanaşmağa həsr edib. 25 dekabr 2024-cü ildə AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması zamanı o, son dəqiqələrədək sərnişinləri sakitləşdirməyə çalışaraq “Hər şey yaxşı olacaq!” sözləri ilə yadda qalıb.
Hökümə Əliyevanın həmin anlarda nümayiş etdirdiyi soyuqqanlılıq, peşəkarlıq və insan sevgisi onun əsl qəhrəman olduğunu sübut etdi. O, sadəcə stüardessa deyil, həyatını başqalarının təhlükəsizliyi üçün fəda edən fədakar bir vətəndaş idi. 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunan Hökümə Əliyeva bu gün də Azərbaycanın yaddaşında qəhrəman qadın obrazı kimi yaşayır. Onun həyatı və faciəvi ölümü minlərlə insana həm kədər, həm də qürur hissi yaşatdı.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Hökümə Əliyevanın doğum günü münasibətilə onun ruhunu ehtiramla yad edir, xatirəsini dərin hörmətlə anırıq. O, ömrünü insanlara həsr edən, vəzifəsini son nəfəsinə qədər şərəflə yerinə yetirən qəhrəman kimi həmişə xatırlanacaq.