“Xəyali dostlar uşağın daxili aləmini anlamaq üçün bir açardır”

Tarix: 19:53 08.08.2025
3-7 yaş arası uşaqların xəyali dostlara sahib olması psixoloji baxımdan tamamilə normal sayılır və bu hal onların sağlam inkişaf prosesinin bir hissəsidir.
“İnformator.az”saytına açıqlamasında psixoloq Zeynəb Əyyubova bildirib ki, bu yaş dövründə uşaqların təsəvvür gücü çox güclü olur və onlar daxili dünyalarını ifadə etmək üçün müxtəlif yaradıcı üsullara müraciət edirlər:
“Xəyali dost, uşağın duyğularını simvolik şəkildə ifadə etməsinə və ətraf mühiti daha yaxşı anlamasına kömək edir. Valideynlər əsasən müşahidəçi mövqedə dayanmalıdırlar. Əgər uşaq bu xəyali dostla oynayır, danışır, lakin bu hal onun gündəlik həyatına və sosial münasibətlərinə mənfi təsir göstərmirsə, narahat olmağa ehtiyac yoxdur.Əksinə, bu, valideyn üçün uşağın daxili dünyasına baxış imkanı yaradır. Valideynlər uşaqla söhbət apararaq, həmin xəyali dostun kim olduğunu, nələri sevdiyini və nə etdiyini öyrənə bilərlər. Bu məlumatlar uşağın emosional ehtiyaclarını anlamağa yardımçı ola bilər”.
Mütəxəssis qeyd edir ki, xəyali dostlar uşağın emosional və sosial inkişafında çoxşaxəli rol oynayır. Bu dostlar vasitəsilə uşaq qorxu, qəzəb, sevinc kimi duyğularını ifadə edə bilir. Həmçinin, sosial bacarıqlar – paylaşmaq, gözləməyi öyrənmək, qarşılıqlı münasibətləri anlamaq – bu oyunlar zamanı formalaşır. Eyni zamanda, uşağın problem həll etmə qabiliyyəti də inkişaf edir:
“Əgər uşaq real həyatda müəyyən bir çətinlik yaşayırsa, o, bu vəziyyəti xəyali dostla dialoq və ya oyun şəklində təkrar yaşayaraq emosional rahatlıq tapa bilər”.
Ayan Əsgərova