Rusiya dronlarla Qafqazda sülhün qarşısını ala bilməyəcək

Bölmə: Dünya › ,
Tarix: 22:49 08.08.2025

Hazırda dünyanın bütün diqqəti ABŞ-dədir. Vaşinqtonda - Ağ Evdə Azərbaycan və Ermənistan tarixi görüş keçirilir. Birləşmiş Ştatlar lideri Donald Trampın səyi nəticəsində Cənubi Qafqazda yeni tarixin təməli qoyulur. Şübhəsizdir ki, bu görüşün keçirilməsinə, eyni zamanda sülhün əldə olunmasına mane olmaq istəyən qüvvələr var. Artıq həmin qüvvələr hərəkətə keçməkdədir. 

 

"İnformator.az" "Teleqraf"a istinadən xatırladır ki, 2 gün əvvəl işğalçı Rusiya ordusu Ukraynada Azərbaycanın qaz tədarükü üçün istifadə etdiyi mühüm enerji infrastrukturuna hava zərbəsi endirdi. Bu, rəsmi Moskvanın məkirli siyasətinin daha bir təzahürü idi. Hələ ötən ilin dekabrında AZAL-a məxsus təyyarənin Rusiya tərəfindən vurulmasından sonra qarşı tərəf məsuliyyəti üzərinə götürməmiş, Azərbaycan Prezidenti İlham Əliyevin tələblərindən boyun qaçırmışdı. Tarixə nəzər salsaq, aydın görünür ki, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında nəticəsiz görüşlər keçirilib. Görünür, rəsmi Moskvanın əsas niyyəti sülh olmayıb. Bu ilin yanvarından ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın səyləri nəticəsində bir neçə ay ərzində ciddi uğurlar əldə olunub.


Artıq ölkələr razılığa gəlib, real nəticələr barəsində müzakirə aparırlar. Bu, həm də Donald Trampın Azərbaycan liderinə ehtimadından irəli gəlir. Görünür, Rusiya bunu həzm edə bilmir və cılız addımlar atmaqdadır. Belə ki, son iki gün ərzində Azərbaycan neftinin də ixrac edildiyi Uktraynanın Odessa istiqamətində qaz kəməri sisteminin, həmçinin SOCAR-ın yanacaqdoldurma məntəqəsinin növbəti dəfə hədəfə alınması və zərbələrə məruz qalması Rusiyanın Azərbaycana qarşı düşmənçiliyinin nümunəsidir. Bu addımlar Rusiyanın məqsədyönlü şəkildə Azərbaycanın Ukraynadakı fəaliyyətinə zərbə vurmaq istəyinin, eyni zamanda ölkəmizə qarşı məkirli siyasətin təzahürüdür.