Ermənistan Apellyasiya Məhkəməsi iş adamı Karapetyanın həbsini qanunsuz hesab edib

Tarix: 19:48 11.08.2025
Ermənistan Apellyasiya Məhkəməsi iş adamı Samvel Karapetyanın həbsini qanunsuz hesab edib.
"İnformator.az" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Liana Qasparyan sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, məhkəmə Karapetyanın qanunsuz həbs edildiyi və 9 saatdan artıq həbsdə saxlandığı barədə hökm çıxarıb. Vəkil qeyd edib ki, Apellyasiya Məhkəməsi iş adamına qarşı cinayət işində daha bir qanun pozuntusu qeydə alıb.
Qasparyan hakim Artak Karapetyanın sədrlik etdiyi birinci instansiya məhkəməsinin onun həbsi ilə bağlı qərar qəbul edərkən bu halı nəzərə almamasına diqqət çəkib. Xatırladaq ki, Karapetyan iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək ittihamı ilə 2 ay müddətinə həbs edilib.