Sülh razılaşması heç kimi sevindirməyəcək -ABŞ

Bölmə: Dünya › ,
Tarix: 20:39 11.08.2025

ABŞ hazırkı təmas xəttinə əsaslanan razılaşmanı Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağın açarı hesab edir, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, atəşkəs olsa da, müharibənin dayanması qarant deyil:

 

"Əlbəttə ki, bu razılaşma tərəfləri razı salmayacaq. Aydındır ki, Rusiya tutduğu ərazilərdən çıxmayacaq. Ən yaxşı halda hər iki tərəf mövcud mövqelərində qalacaq. Necə ki, 1994-cü ildə Bişkek protokolu imzalananda biz atəşkəsə razılıq verdik, amma təmas xətti Tərtərə qədər gəlmişdi və təbii ki, razı qalmamışdıq. Ukrayna da eyni vəziyyətdə olacaq.Rusiyanın da narazı qalacağı aydındır. Çünki Putin çox böyük maksimalist hədəflər qoymuşdu – ən azı Ukraynanın 4 vilayətinin Rusiyanın ərazisi kimi tanınmasını istəyirdi. Hazırda isə Rusiya yalnız Luqansk vilayətini tam işğal edə bilib, digər vilayətləri tam ələ keçirə bilməyib. Bu halda rus xalqı Putinə sual verməyəcəkmi: “Atəşkəs oldu, amma dünya həmin əraziləri Ukraynanın tərkib hissəsi kimi tanıyır”?Vens də reallıqdan çıxış edərək danışır. Atəşkəs olsa da, müharibənin dayanması qarant deyil. Rusiyanın gücü çatacaqmı – bu, Ukraynaya göstəriləcək yardımdan asılıdır. Amma Ukraynanın başqa çıxış yolu yoxdur, o, müqavimət göstərəcək. İndiki vəziyyətdə Ukrayna işğalı tanımayacaq və ərazilərindən imtina etməyəcək. Dünya ölkələrinin əksəriyyəti də bu vilayətləri Rusiyanın ərazisi kimi qəbul etməyəcək. Rusiya isə tutduğu ərazilərdən geri çəkilmək fikrində deyil. Vensin dediyi də budur: istənilən halda atəşkəs olmalıdır".

 

Qəmər Kazımzadə