Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır

Bölmə: İqtisadiyyat › ,
Tarix: 16:02 13.08.2025

 

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,12 ABŞ dolları, yaxud 0,18 % artaraq 67,98 ABŞ dolları təşkil edib.Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 68,07 ABŞ dolları təşkil edib.Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,12 ABŞ dolları və ya 0,18 % artaraq 66,44 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.


Bu məsələ ilə bağlı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev "İnformator.az"a açıqlamasında bildirib ki,Azərbaycanın Azəri Light və BTC Blend ixrac markalı neftləri uzun illərdir Brent etalon markalı neftə nisbətdə mükafatla satılır:


"OPEC 2026-cı ildə qlobal neft tələbi artımını, əsas regionlarda daha güclü iqtisadi göstəricilərə istinad edərək, gündə 1,38 milyon barelə yüksəldib. Eyni zamanda, təşkilat cari il üçün gündəlik tələb artımı proqnozunu dəyişməyərək 1,29 milyon barel səviyyəsində saxlayıb və dördüncü rübdə qlobal istehlakın sutkada 106,36 milyon barelə çatacağını gözləyir.Beynəlxalq birlik tərəfindən Rusiya və İranın ixrac imkanlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də Çin və Hindistanın neft idxal portfelinə göstərilən təzyiqlər neft qiymətlərinə birbaşa təsir göstərir. Nəticədə, təchizat zəncirinin yenidən qurulması daha bahalı neft deməkdir.


Azərbaycanın Azəri Light və BTC Blend ixrac markalı neftləri uzun illərdir Brent etalon markalı neftə nisbətdə mükafatla satılır. Cari ilin yanvar ayından iyulun ikinci ongünlüyünə qədər hər iki növ neft CİF Augusto təslim şərtlərində Brentə nisbətən 2,8–4,0 ABŞ dolları/barel həcmində mükafatla satılıb ki, bu da bir çox hallarda büdcə üçün nəzərdə tutulan baza qiymətindən yüksək olub.Lakin iyulun ikinci ongünlüyündən etibarən Ceyhan limanından yüklənən ixrac neftinin tərkibində xlorüzvü birləşmələrin miqdarı (ppm) qüvvədə olan normanı aşdığından, Azəri Light və BTC Blend-in Brentə nisbətdə mükafat səviyyəsi azalıb. Beləliklə, CİF Augusto təslim şərtlərində BTC Blend üçün mükafat 0,43 ABŞ dolları/barel, Azəri Light üçün isə 0,23 ABŞ dolları/barel təşkil edib.


Avqust və sentyabr ayları üzrə satış proqramlarında mükafat səviyyəsində artımlar gözlənilir ki, bu da ölkənin neft gəlirlərinin və ixrac həcmlərinin yüksəlməsinə şərait yaradacaq".



Xədicə Məhərrəmli