00:00:00
Yazar
Admin User
12.09.2025 17:08 86 3 dəq oxuma
Dünya

Paşinyan İrəvanın Bakı ilə müqavilədən əvvəl Minsk Qrupunun buraxılmasına niyə razılaşdığını açıqlayıb

Paşinyan İrəvanın Bakı ilə müqavilədən əvvəl Minsk Qrupunun buraxılmasına niyə razılaşdığını açıqlayıb

Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər Ermənistanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını şərtləndirdiyi üçün Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi imzalamazdan əvvəl ATƏT-in Minsk Qrupunun buraxılmasına razılıq verib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Paşinyan sülh prosesində iştirak etməklə yanaşı, ölkə daxilində müxalifətin təzyiqlərindən mümkün qədər yayınmaq və onları neytrallaşdırmaq istəyir:

 

"Paşinyan Azərbaycanla münasibətlərdə bir sıra prinsipial məsələləri elə bir formada həll etmək istəyir ki, bu təkcə Azərbaycanın Ermənistan qarşısında qoyduğu tələb və ya həmin tələbin icrası kimi görünməsin. Çünki Paşinyan sülh prosesində iştirak etməklə yanaşı, ölkə daxilində müxalifətin təzyiqlərindən mümkün qədər yayınmaq və onları neytrallaşdırmaq istəyir. Bu baxımdan Paşinyanın sülh prosesində iştirakı bir qədər fərqli xarakter daşıyır. Azərbaycan cəmiyyətində siyasi qüvvələr və bütövlükdə ictimaiyyət prezidentin və hökumətin sülh istiqamətində atdığı bütün addımları birmənalı şəkildə dəstəkləyir. Çünki Azərbaycan qalib və haqlı ölkədir, apardığı siyasət də beynəlxalq hüquq normalarına tam uyğundur. Amma Ermənistanın mövqeyi bu baxımdan fərqlidir.  Paşinyan əvvəlcə Minsk qrupunun buraxılması məsələsinin sülh sazişindən sonraya saxlanmasına daha çox meyilli idisə, 8 avqustdan sonra bu məsələyə münasibətini dəyişib. Paşinyan Minsk qrupunun buraxılması ilə bağlı məsələnin yalnız Azərbaycanın tələbi kimi görünməsinin qarşısını Vaşinqtonda 8 avqustda imzaladığı sənədlə müəyyən qədər ala bilib. Artıq onun əlində alibisi var ki, Ermənistan cəmiyyətinə bu addımı yalnız Azərbaycanın tələbi kimi deyil, dünyanın ən güclü dövlətinin iştirak etdiyi mühüm bir siyasi prosesin tərkib hissəsi kimi təqdim etsin".

 

Müsahib qeyd edir ki, bu, həqiqətən də belədir, çünki Paşinyanın Minsk qrupunu yalnız öz daxili qərarı ilə buraxması onun ölkə daxilindəki mövqelərini zəiflədə bilər:

 

 

" Buna görə də Minsk qrupunun buraxılmasını məhz Amerikanın himayəsi altında həyata keçirməklə Paşinyan iki hədəfə çatır. Birincisi, Minsk qrupunun ləğvinə nail olur, ikincisi isə bunu Amerika vasitəsilə irəli sürülən bir layihə kimi erməni cəmiyyətinə təqdim etmək imkanına malik olur. Bu vəziyyət, sözsüz ki, Ermənistanın beynəlxalq arenada manevr imkanlarını xeyli artıracaq. Çünki Ermənistan artıq təkcə Azərbaycanın təşəbbüslərinə deyil, eyni zamanda ABŞ kimi güclü bir dövlətin layihələrinə də qoşulan ölkə statusu qazanır. Eyni zamanda, bu hadisə belə nəticə çıxarmağa əsas verir ki, Paşinyan sülh sazişinə maneə yaradan digər məsələlərə münasibətdə də strategiyasını dəyişə bilər. Bu maneələrin ən böyüyü isə Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Paşinyan hökuməti indiyə qədər bu məsələyə yalnız 2026-cı ildə keçiriləcək parlament seçkilərindən sonra baxılacağını bəyan edib. Lakin bu çox uzun müddətdir və vaxt uzandıqca sülh sazişinin imzalanmaması riski artır. Buna görə də mümkündür ki, Paşinyan sülh sazişinin imzalanmasını sürətləndirmək məqsədilə konstitusiya ilə bağlı mövcud strategiyasını dəyişsin. Yəni Ermənistan konstitusiyasının dəyişdirilməsi seçkilərdən sonra yox, daha qısa müddətdə baş verə bilər. Bu, Paşinyanın hazırda izlədiyi kurs çərçivəsində meydana çıxa biləcək dəyişikliklərdən biridir".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər