Süni intellekt və sosial şəbəkələr: tələbələrin şəkillərinin dəyişdirilməsinin psixoloji, hüquqi və sosial aspektləri
Son illərdə sosial şəbəkələrdə tələbələrin şəkillərinin süni intellekt (AI) vasitəsilə dəyişdirilərək paylaşılması halları artmaqdadır. Bu fenomen yalnız texnoloji yenilik deyil, həm də psixoloji, sosial və hüquqi problemləri gündəmə gətirir. Zərərçəkən gənclər emosional və sosial təzyiqlərə məruz qala bilər, psixoloqlar onların psixoloji vəziyyətini analiz edir, hüquqşünaslar isə belə halların qanuni çərçivədə necə qiymətləndiriləcəyini araşdırır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında uzman psixoloq-psixoterapevt Qərbi Kaspi Universitetinin “Psixologiya və Sosial iş” kafedrasının müəllimi Səbinə Bayramova bildirib ki, süni intellekt vasitəsilə dəyişdirilmiş şəkillərin sosial şəbəkələrdə paylaşılması gənclərdə ciddi psixoloji təsirlər yarada bilər:
Utanc, narahatlıq və qorxu hissləri onların emosional inkişafını ləngidə, özünüqiymətləndirmə prosesini zədələyərək uzunmüddətli travmaya səbəb ola bilər. Utanc hissi gəncin öz kimliyini mənfi dəyərləndirməsinə, sosial mühitdə özünü ifadə etməkdən çəkinməsinə gətirib çıxarır. Narahatlıq isə daim izlənildiyini və yenidən hədəf ola biləcəyini düşünmək kimi hisslərlə müşayiət olunur ki, bu da təşviş pozuntusu riskini artırır və akademik performansa mənfi təsir göstərir. Qorxu hissi sosial mühitdən uzaqlaşma, özünü təcrid etmə və depressiv simptomların yaranmasına səbəb ola bilər. Elmi araşdırmalar göstərir ki, sosial mühitdə alçaldıcı və ya təhrif olunmuş təsvirlərə məruz qalmaq gənclərdə özünə qarşı neqativ koqnitiv sxemlərin formalaşmasına gətirib çıxarır və bu sxemlər uzun müddətdə şəxsiyyətin inkişafını ləngidə bilər. Məsələn, universitetdə bir tələbənin şəkli AI vasitəsilə dəyişdirilərək təhqiramiz formada paylaşılırsa, o, dərslərdə iştirakdan çəkinməyə, dostları ilə ünsiyyətini azaltmağa və özünü hər kəsin ona güləcəyi düşüncəsi ilə təcrid etməyə başlayır. Bu, onun həm akademik, həm də sosial inkişafını əngəlləyir.
Digər tərəfdən, belə halların gənclərin özünü qəbul etmə və özünəinam hissinə də mənfi təsiri böyükdür. Özünü qəbul etmə prosesi zədələnir, gənc öz real kimliyini dəyərsizləşdirilmiş görür və “mən olduğum kimi qəbul olunmuram” düşüncəsi güclənir. Özünəinam isə sosial mühitdə etibarın sarsılması nəticəsində zəifləyir, gənc öz bacarıqlarına və dəyərlərinə inamını itirir, ictimai fəaliyyətlərdə iştirakdan çəkinir. Sosial müqayisə də bu prosesi gücləndirir, başqalarının reaksiyası gəncin özünü mənfi şəkildə dəyərləndirməsinə səbəb olur. Sosial psixologiyada özünü təqdimetmə nəzəriyyəsi (self-presentation theory) göstərir ki, insanın ictimai mühitdə necə qəbul olunması onun özünəinamına birbaşa təsir edir, təhrif olunmuş vizual təqdimatlar isə bu prosesi pozur (Goffman, 1959). Məsələn, bir tələbənin şəkli AI ilə dəyişdirilərək sosial şəbəkədə paylaşılır və qısa müddətdə geniş yayılırsa, o, özünü reallıqda kim olduğum deyil, başqalarının gördüyü saxta obrazam düşüncəsi ilə dəyərləndirməyə başlayır. Bu, onun ictimai tədbirlərdə çıxış etmə cəsarətini azaldır və özünəinamını zəiflədir.
Gənclərə tövsiyə olaraq demək olar ki, belə hallarda özlərini təcrid etməməli, emosiyalarını paylaşmalı və sosial dəstəkdən yararlanmalıdırlar. Öz güclü tərəflərinə diqqət yetirmək, gündəlik müsbət fəaliyyətlərə üstünlük vermək onların psixoloji dayanıqlığını artırır. Ən vacib məqam isə fərdi psixoloji dəstəyin əhəmiyyətidir. Peşəkar psixoloqla müntəzəm görüşlər gəncin emosional yükünü azaltmağa, özünəinamını bərpa etməyə və neqativ düşüncə sxemlərini dəyişdirməyə kömək edir. Bu yanaşma həm indiki vəziyyətdə, həm də uzunmüddətli psixoloji sağlamlığın qorunmasında mühüm rol oynayır”.
Həmçinin mövzu ilə bağlı hüquqşünas Mehman Muradlı bildirib ki, bir insan öz şəklini sosial şəbəkədə hamıya açıq şəkildə (public) paylaşırsa, artıq o şəkil ictimai hesab olunur:
“Yəni şəxs özü onu hər kəs üçün əlçatan edib. Bu halda başqasının həmin şəkli götürüb paylaşması adətən məsuliyyət yaratmır. Çünki insan özü onu gizli saxlamayıb.
Amma məsələ dəyişir əgər şəkil şəxsi qaydada göndərilibsə. Məsələn, iki nəfər arasında mesajlaşmada, Messenger-də və ya başqa platformada private şəkildə atılıbsa. Bu artıq şəxsi ünsiyyətdir. Həmin şəkli qarşı tərəfin icazəsi olmadan başqasına göndərmək və ya paylaşmaq məsuliyyət yarada bilər.
Yəni fərq çox sadədir:
Şəxs özü paylaşır və hamıya açıq edir bu bir vəziyyətdir.
Şəxsi şəkildə göndərilir və sonradan icazəsiz yayılır bu isə tamam başqa vəziyyətdir və burada artıq məsuliyyətdən söhbət gedə bilər”.
Gövhər Mehyəddinova
