Mikrodalğalı sobada isidilən yeməklər: rahatlıqmı, riskmi?
Müasir həyat tərzi insanları daha sürətli və praktik həll yollarına yönəldir. Bu baxımdan mikrodalğalı soba (mikro dalğa) mətbəxlərdə ən çox istifadə olunan məişət texnikalarından birinə çevrilib. Qısa zaman ərzində yeməyi isitməsi və enerji qənaəti təmin etməsi onu cəlbedici edir. Lakin son illərdə mikrodalğada isidilən yeməklərin sağlamlığa təsiri ilə bağlı müxtəlif müzakirələr aparılır. Bəziləri bu üsulun təhlükəsiz olduğunu desə də, digərləri qida dəyərinin azalması, zərərli maddələrin yaranması və qablaşdırma materiallarının təsiri kimi risklərə diqqət çəkir. Bəs mikrodalğalı sobada yemək isidərkən nələrə diqqət etməliyik və bu üsul həqiqətən zərərlidirmi?
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib ki, mikrodalğalı sobalar artıq müasir mətbəxin ayrılmaz hissəsidir:
“Əslində mikrodalğalı sobaların qidaların tərkibini radiasiya ilə zəhərlədiyi fikri geniş yayılan bir mifdir. Əslində mikrodalğalar qidadakı su molekullarını sürətlə titrədərək sürtünmə yolu ilə istilik yaradır. İstənilən isitmə üsulu yüksək temperatura həssas olan vitaminləri parçalaya bilər. Qidada olan makronutrientlər və minerallar mikrodalğada isidilərkən ciddi dəyişikliyə uğramır. Mikrodalğalı sobanın özündən çox, onun daxilinə qoyduğumuz qablar sağlamlıq üçün risk yarada bilər. Plastik qabların tərkibində olan Bisfenol A və ftalatlar kimi maddələr istiliklə təmasda olduqda qidaya keçə bilir. Bu maddələr endokrin sistemi pozan elementlər hesab olunur. Ən təhlükəsiz yol plastikdən tamamilə imtina etməkdir. İstənilən halda yeməyi şüşə, ya keramika qablarda isitmək ən sağlam seçimdir. Amma mikrodalğalı sobadan istifadə edərkən diqqət yetirilməli olduğumuz məqamlar var. Nəzərə alaq ki, mikrodalğalı sobalar bəzən yeməyin hər yerini eyni dərəcədə qızdırmır. Bu soyuq nöqtələrdə bakteriyalar sağ qala bilər. Buna görə də yeməyi isidərkən yarıda qarışdırmaq vacibdir. Yağ və şəkər çox sürətlə qızdığı üçün qidanın həmin hissələri yanma dərəcəsinə çata bilər. Bu da dadın pisləşməsinə və bəzi hallarda zərərli birləşmələrin yaranmasına səbəb olur. Qapağı tam bağlı olan qablar daxili təzyiq nəticəsində partlaya bilər. Həmişə buxarın çıxması üçün boşluq buraxılmalıdır”.
Banuçiçək Məmmədova